Göyçayın Yekəxana və Şahsoltanlı kəndlərinin sakinləri bir aydan artıqdır ki, suvarma suyunun keyfiyyətinin kəskin şəkildə dəyişməsindən narazıdırlar.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, sakinlər qeyd edirlər ki, Yekəxana su anbarından kəndlərə verilən suyun rəngi və qoxusu dəyişib, arx eyni zamanda kanallardan axan su köpüklənir və kəskin, üfunət iyi verir. Bu səbəbdən sudan həm məişətdə, həm də suvarmada istifadə etmək mümkün deyil. Yekəxana kənd sakini Akif Həsənov bildirib ki, kənddə bəzi evlərə kran suyu gəlmədiyindən sakinlər məişət ehtiyaclarının bir hissəsini suvarma suyu hesabına qarşılayırlar. Lakin son iki aydır bu sudan istifadə edə bilmədiklərini deyir:
“Bu sudan hamamda, paltar yuyanda, evdə qab yumaqda istifadə edirik. Bizə kran suları gəlmir. İçməli suyu traktorla gətiririk. Amma qalan ehtiyaclarımız üçün bundan istifadə edirdik. İki aydır istifadə edə bilmirik. Evdə kanalın qırağında olduğumuz üçün iydən otura bilmirik”.
Şahsoltanlı kənd sakini Şaban İsmayılov da suyun kənd sakinləri üçün yararsız olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə isti havalarda sudan gələn kəskin qoxu ciddi narahatlıq yaradır.
Sakinlər iddia edirlər ki, problemdən yalnız məişət deyil, kənd təsərrüfatı da zərər çəkir. Onların sözlərinə görə, sudan heyvanlar da içmir, bostan və tərəvəz sahələrinin suvarılması zamanı isə bəzi bitkilər tələf olur. Sakinlərin sözlərinə görə, hazırda məişət və içməli suya olan tələbatı başqa mənbələr hesabına ödəmək məcburiyyətində qalırlar. Bu isə əlavə xərc və çətinlik yaradır.
Məsələ ilə bağlı Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, sakinlərin narazılığına səbəb olan vəziyyətdən məlumatlıdırlar və problemin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.
Qeyd olunub ki, Yekəxana su anbarına və kəndlər ərazisindəki suvarma arxlarına vizual baxış keçirilib. Həmçinin su anbarının giriş və çıxış hissələrindən, eləcə də anbarın özündən laborator analiz üçün nümunələr götürülərək aidiyyəti laboratoriyaya göndərilib. İdarədən bildirilib ki, laboratoriya nəticələri əldə olunduqdan sonra suyun keyfiyyətinin dəyişməsinə səbəb olan amillər müəyyənləşdiriləcək və nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.