Bakıda daha üç yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə mərhələli şəkildə məhdudiyyət tətbiq ediləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər Suraxanı rayonunda 14 İyul küçəsində, Yasamal rayonunda Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsində, həmçinin Səbail rayonunda Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsində qüvvədə olacaq.
Məlumata görə, qeyd olunan küçələrdə hərəkət 6 avqust saat 08:00-dan 7 avqust saat 22:00-dək qismən, 7 avqust saat 23:00-dan 10 avqust saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan təmir işlərinə anlayışla yanaşmaları, göstərilən müddətdə alternativ yollardan istifadə etmələri və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.