Avropa İttifaqı Şurası Ukraynadan gələn hərbi mükəlləfiyyətli kişilərlə bağlı müvəqqəti müdafiə rejiminə dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, TASS-da yayılan məlumata görə, hüquqi qüvvəyə malik Şura qərarında bildirilir ki, 31 iyul 2026-cı il tarixindən etibarən Aİ ölkələrinə gələn hərbi mükəlləfiyyətli Ukrayna vətəndaşları müvəqqəti müdafiə statusu almaq üçün hərbi öhdəliklərini yerinə yetirdiklərini təsdiqləyən sənəd təqdim etməlidirlər.

Qərarda vurğulanır ki, bu tələb 30 iyul 2026-cı il də daxil olmaqla Aİ ölkələrində müvəqqəti müdafiə statusu almış və həmin statusu fasiləsiz saxlamış şəxslərə şamil edilmir. Beləliklə, 31 iyuldan sonra Avropa İttifaqına gələn ukraynalı kişilər hərbi xidmətdən yayınmadıqlarını sübut etməli olacaqlar. Sənədə əsasən, üzv dövlətlər təsdiq prosedurunu müstəqil müəyyən edə bilsələr də, Avropa Komissiyası Ukrayna pasportunda ölkədən qanuni çıxışı təsdiqləyən sərhəd keçid möhürünü kifayət qədər sübut hesab etməyi tövsiyə edir. Eyni qərarla Ukrayna vətəndaşları üçün Avropa İttifaqında tətbiq olunan müvəqqəti müdafiə mexanizminin müddəti daha bir il uzadılaraq 4 mart 2028-ci il tarixinədək qüvvədə saxlanılıb.