Yay aylarında günəş şüaları altında uzun müddət qalmaq gələcəkdə dəri xərçənginin yaranma riskini əhəmiyyətli dərəcədə artırır.
Metbuat.az xəbər verir ki, plastik, rekonstruktiv və estetik cərrahiyyə mütəxəssisi Emrah Köksal bildirib ki, xüsusilə uzun müddət sağalmayan yaralar, xalların rəngində və formasında baş verən dəyişikliklər, eləcə də davamlı qabıqlanma dəri xərçənginin xəbərçisi ola bilər və bu əlamətlərə laqeyd yanaşmaq olmaz.
Mütəxəssisin sözlərinə görə, dəri şişləri bəzi hallarda yalnız yarandığı nahiyədə qalır, lakin vaxtında aşkar edilmədikdə ətraf toxumalara və hətta bədənin digər hissələrinə də yayılır. Ən çox rast gəlinən dəri xərçəngi növü bazal hüceyrəli dəri xərçəngidir. Dr. Köksal qeyd edib ki, əsas təhlükə qısa müddətli günəş vannaları deyil, illər boyu günəş şüalarına qorunmasız məruz qalmaqdır.
Həkim xallarda və dəridə yaranan dəyişikliklərə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Aylarla sağalmayan yaralar, mövcud xalın yaraya çevrilməsi, qabıqlanması və ya qanaması, eyni nahiyədə təkrarlanan qaşınma və ya yaranın yenidən əmələ gəlməsi ciddi xəbərdarlıq siqnalları hesab olunur. Belə əlamətlər müşahidə edildikdə vaxt itirmədən həkim müayinəsindən keçmək tövsiyə olunur. Çünki erkən diaqnoz xəstəliyin daha kiçik cərrahi müdaxilə ilə uğurla müalicəsinə imkan yaradır.
Dr. Köksal onu da bildirib ki, uşaqlıq dövründə alınan ağır günəş yanıqları illər sonra dəri xərçəngi riskini artıran əsas amillərdən biridir. Onun sözlərinə görə, yanıqdan sonra əmələ gələn çapıq toxumasında uzun illər sonra, xüsusilə skuamöz hüceyrəli dəri xərçəngi inkişaf edə bilər.
Mütəxəssis hesab edir ki, dəri sağlamlığını qorumaq üçün təkcə günəşdən qoruyucu kremdən istifadə kifayət etmir. Günəş şüalarının ən güclü olduğu günorta saatlarında mümkün qədər açıq havada qalmamaq, enli kənarlı papaqlardan və nəfəsalan parçadan hazırlanmış geyimlərdən istifadə etmək, kölgəyə üstünlük vermək, həmçinin günəşdən qoruyucu vasitələri gün ərzində mütəmadi yeniləmək lazımdır.
Həkimin sözlərinə görə, sadə görünən bu tədbirlər uzunmüddətli perspektivdə dəri sağlamlığının qorunmasına və dəri xərçəngi riskinin azalmasına ciddi töhfə verir.