Uzun illər heyvanların intellekti ilə bağlı aparılan araşdırmalar göstərir ki, bəzi quş növləri düşündüyümüzdən qat-qat ağıllıdır. Onların arasında xüsusilə Afrika boz tutuquşusu alimləri heyrətləndirən qabiliyyətləri ilə seçilir.
Metbuat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu quşun idrak səviyyəsi müəyyən tapşırıqlarda 5-7 yaşlı uşağın düşünmə bacarığı ilə müqayisə oluna bilər.
Afrika boz tutuquşusu yüzlərlə sözü yadda saxlaya, onları uyğun vəziyyətlərdə işlədə və müxtəlif əşyaları rənginə, formasına, ölçüsünə görə ayırd edə bilir. Araşdırmalar göstərib ki, o, təkcə sözləri təkrarlamır, bəzi hallarda onların mənasını da anlayaraq düzgün kontekstdə istifadə edir.
Bu sahədə ən məşhur nümunələrdən biri “Alex” adlı Afrika boz tutuquşusudur. ABŞ-li alim İrin Pepperberqin uzun illər apardığı tədqiqat zamanı Alex 100-dən çox sözü öyrənmiş, 50-dən artıq əşyanı tanıya, yeddi fərqli rəngi və müxtəlif formaları ayırd edə bilmişdi. O, sadə hesablamalar aparır, "böyük", "kiçik", "eyni" və "fərqli" kimi anlayışları da düzgün şəkildə qavrayırdı.
Alimlər hesab edirlər ki, bu quşların yüksək zəkasının əsas səbəblərindən biri onların güclü yaddaşı, mürəkkəb sosial davranışları və problem həll etmə bacarıqlarıdır. Təbiətdə onlar qida əldə etmək, təhlükələrdən qorunmaq və sürü daxilində ünsiyyət qurmaq üçün müxtəlif strategiyalardan istifadə edirlər.
Maraqlıdır ki, bəzi təcrübələr zamanı Afrika boz tutuquşuları əvvəllər qarşılaşmadıqları problemlərə belə məntiqi yanaşaraq həll yolu tapa biliblər. Bu isə onların sadəcə öyrəndiklərini təkrarlamadığını, müəyyən səviyyədə düşünmə qabiliyyətinə malik olduqlarını göstərir.
Heç bir quş insan kimi düşünmür. Lakin yaddaş, məntiq, öyrənmə və problem həll etmə bacarığı baxımından Afrika boz tutuquşusu heyvanlar aləminin ən ağıllı nümayəndələrindən biri hesab olunur və bu xüsusiyyətlərinə görə tez-tez 7 yaşlı uşaqla müqayisə edilir.