Dünyanın ən intizamlı və elit xüsusi təyinatlı birliklərinin siyahısı yenidən açıqlanıb. Türkiyə Silahlı Qüvvələrinin seçmə xüsusi təyinatlı birliyi olan Bordo Berelilər dünyanın ən nüfuzlu xüsusi əməliyyat qüvvələri arasında 4-cü pillədə qərarlaşıb.
Metbuat.az xəbər verir ki, siyahının hazırlanmasında birliklərin təlim səviyyəsi, əməliyyat hazırlığı, döyüş təcrübəsi, xüsusi missiyalardakı uğurları və hərbi intizamı əsas meyarlar kimi qiymətləndirilib. Bildirilir ki, Bordo Berelilər xüsusilə sərhədyanı və sərhəddənkənar əməliyyatlarda, terrorla mübarizədə, girovların azad edilməsi və asimmetrik döyüş taktikalarında nümayiş etdirdiyi peşəkarlıq sayəsində ilk dördlükdə yer almağı bacarıb.
Reytinqdə ilk üç pilləni ABŞ-nin Navy SEALs & Delta Force, Böyük Britaniyanın SAS & SBS və Rusiyanın Spetsnaz xüsusi təyinatlı birlikləri tutur. İlk beşliyi isə İsrailin Shayetet 13 xüsusi dəniz komando qüvvəsi tamamlayır.
Siyahıya əsasən, Bordo Berelilər Fransa (GIGN), Kanada (JTF2), Almaniya (GSG 9), Hindistan (NSG) və Avstraliyanın (SASR) xüsusi təyinatlı birliklərini geridə qoyub. Ekspertlər Türkiyə xüsusi təyinatlılarının yüksək hazırlıq səviyyəsini uzunmüddətli və ağır təlim proqramları, çətin coğrafi şəraitdə qazandıqları əməliyyat təcrübəsi və sürətli qərarvermə bacarığı ilə əlaqələndirirlər.
Qeyd edək ki, bu siyahı Türkiyə mediasında Global Firepower və digər beynəlxalq hərbi təhlillərə istinadən dərc olunub. Reytinq hərbi dairələrdə geniş müzakirə doğurmaqla yanaşı, müxtəlif ölkələrin xüsusi təyinatlı qüvvələrinin hazırlıq səviyyəsinin müqayisəsi baxımından da maraqla qarşılanıb.