İran nümayəndələri Misirin Dəmiyət limanına endirilən zərbənin Tehranın eskalasiyaya gedəcəyi təqdirdə qlobal enerji təchizatına və gəmiçiliyə ciddi zərər vura biləcəyini göstərmək məqsədi daşıdığını bildiriblər.

Metbuat.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Nəşrin yazdığına görə, təhlükəsizlik məsələlərini müzakirə etdikləri üçün adlarının açıqlanmasını istəməyən iki iranlı bildirib ki, hücum qlobal gəmiçiliyin və enerji resurslarının tədarükünün daha ciddi şəkildə pozula biləcəyinə dair mesaj verməli idi.

Bununla belə, mənbələr hücumun birbaşa İran tərəfindən, yoxsa Tehranın müttəfiqlərindən biri tərəfindən həyata keçirildiyini dəqiqləşdirməyiblər.

Qeyd edək ki, çərşənbə günü Misirin Dəmiyət limanındakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalında gəmilərin boşaldılması zamanı partlayış baş verib. İlkin olaraq yerli KİV hadisənin pilotsuz uçuş aparatının hücumu ilə əlaqəli olmadığını bildirmişdi.

Lakin Misir hakimiyyəti daha sonra iki gəmidə baş verən yanğının dron hücumu nəticəsində meydana gəldiyini təsdiqləyib. Qahirə hücumun kim tərəfindən həyata keçirildiyini açıqlamayıb. Hadisəyə görə heç bir tərəf məsuliyyəti üzərinə götürməyib.

Yəməndəki husilər də Dəmiyət limanına dron hücumunda iştirak etmədiklərini bəyan ediblər.

Hücuma baxmayaraq, yaxınlıqda yerləşən Süveyş kanalında gəmi hərəkətində hər hansı fasilə qeydə alınmayıb. Qəzetin qeyd etdiyi kimi, Süveyş kanalında uzunmüddətli fəaliyyət pozuntusu yaranarsa, bu, Misir iqtisadiyyatına ciddi zərər vura bilər. Gəmilər isə Afrika ətrafından keçməklə daha uzun marşrutlardan istifadə etməli ola bilərlər.