Avstriya ilə İtaliyanı Alp dağlarının altından birləşdirəcək Brenner tunelində mühüm mərhələ geridə qalıb.
Metbuat.az xəbər verir ki, iki ölkə arasında inşa edilən 10,5 milyard avro dəyərində layihənin əsas tunellərini ayıran son qaya təbəqəsi də qazılıb. Bununla da Avstriya və İtaliya tərəflərində çalışan komandalar yeraltında bir araya gəlib. Layihənin tamamlanmasından sonra tunelin ümumi uzunluğu 64 kilometr olacaq və dünyanın ən uzun yeraltı dəmir yolu əlaqələrindən birinə çevriləcək.
Qeyd edək ki, Brenner tunelinin 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Yeni xətt İnsbruk ilə Fortezza arasındakı məsafəni təxminən 20 kilometr qısaldacaq. Hazırda 80 dəqiqə davam edən səfərin müddəti tunel istifadəyə verildikdən sonra 25 dəqiqəyə enəcək.