Türkiyə ilə İraq arasında enerji sahəsində razılaşma əldə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan bu razılaşmanı iki ölkə arasında əməkdaşlıq baxımından tarixi addım kimi qiymətləndirib.

Metbuat.az xəbər verir ki, Ərdoğan bu barədə İraqın Baş naziri Əli Zeydi ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında danışıb.

Ərdoğan bildirib ki, İraq Türkiyəyə gündə 1 milyon barel neft tədarük edəcək. Onun sözlərinə görə, Kərkük hasilat sahəsində Türkiyə Petrollarına (TPAO) ortaq pay verilib və imzalanan razılaşma enerji əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır.

Ərdoğan əlavə edib ki, görüşdə İran, Suriya və Fələstin başda olmaqla regional məsələlər, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub.

Bundan əvvəl Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyində keçirilən mərasimdə TPAO-nun BP Energy Company of Kirkuk Limited şirkətinin 15 faizlik payını aldığı açıqlanıb. Razılaşmaya əsasən, TPAO, BP və ConocoPhillips şirkətlərinin daxil olduğu konsorsium Kərkükdə təxminən 3 milyard barel həcmində qiymətləndirilən neft ehtiyatlarının işlənməsi və hasilatın artırılması istiqamətində birgə fəaliyyət göstərəcək.