Almaniya iqtisadiyyatı son illərin ən mürəkkəb dövrlərindən birini yaşayır. Ölkədə hər ay orta hesabla 15 min iş yerinin ləğv edilməsi sənaye sektorunun rəqabət imkanlarını zəiflədir.
Metbuat.az xəbər verir ki, bu barədə Almaniya Sənaye İttifaqının (BDI) baş direktoru Tanya Gyönner məlumat verib. O bildirib ki, mövcud çətinliklərə baxmayaraq, Almaniya qarşısında duran iqtisadi və struktur problemləri həll edə bilsə, əvvəlki güclü iqtisadi mövqeyini yenidən bərpa etmək potensialına malikdir.
Gyönnerin sözlərinə görə, innovasiya və texnoloji yeniliklər Almaniyada fəaliyyət göstərən bir çox şirkət üçün hələ də əsas inkişaf istiqamətlərindən biri olaraq qalır. O vurğulayıb ki, süni intellekt texnologiyalarının sürətli inkişafı ölkə sənayesini yeni texnoloji transformasiya mərhələsinə daxil edir.
BDI rəhbəri əlavə edib ki, Çin şirkətlərinin qlobal bazarda artan fəallığı və ABŞ-ın dəyişən ticarət siyasəti Almaniya sənayesi üçün əlavə risklər yaradır.
Qeyd edək ki, daha əvvəl Gesamtmetall assosiasiyası da ağır sənaye sahəsində ixtisarların 2026-cı ildə geniş miqyasda davam edə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.