Kanal D-nin məşhur "Arka Sokaklar" serialında "Müdür Vedat" obrazı ilə tanınan türkiyəli aktyor Murat Ormiyak yenidən gündəmə gəlib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 79 yaşlı aktyor bir müddət əvvəl layihələrdə rol ala bilmədiyini açıqlayaraq Taksimdə yerləşən qocalar evinə köçdüyünü bildirmişdi.
"YouTube"da yayımlanan "Tatlı Röportajlar" kanalının komandası aktyoru qaldığı qocalar evində ziyarət edib. Ormiyak müsahibə zamanı heç kimin onu axtarmadığını və ziyarət etmədiyini deyərək kövrək anlar yaşayıb.
Tənhalığından gileylənən aktyor bunları söyləyib:
"Heç kim məni ziyarətə gəlmir. O qədər tənhayam ki... Bunu necə izah edəcəyimi bilmirəm."
Murat Ormiyakın bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi aktyora dəstək mesajları paylaşaraq sənətçinin unudulmamasını arzulayıb.