Çinli riyaziyyatçılar Honq Vanq və Yu Denq 2026-cı il Filds Medalına layiq görülərək tarixə düşüblər. Onlar bu mükafatı qazanan ilk Çin vətəndaşları olublar.

Metbuat.az xəbər verir ki, riyaziyyat sahəsinin ən nüfuzlu mükafatlarından sayılan Filds Medalı bu il həmçinin amerikalı Con Pardon və kanadalı Ceykob Tsimermana təqdim edilib. Mükafat hər dörd ildən bir 40 yaşdan aşağı görkəmli riyaziyyatçılara verilir.

Məlumata görə, 35 yaşlı Honq Vanq harmonik analiz sahəsində əldə etdiyi nəticələrə görə mükafatlandırılıb. O, 1917-ci ildən riyaziyyatçıların üzərində çalışdığı məşhur Kakeya probleminin həllinə mühüm töhfə verib. Bununla da Vanq Filds Medalını qazanan üçüncü qadın riyaziyyatçı kimi tarixə düşüb. 37 yaşlı Yu Denq isə David Hilbertin irəli sürdüyü məşhur "Altıncı Problem" istiqamətində əldə etdiyi elmi nəticələrə görə mükafata layiq görülüb. Onun tədqiqatları hissəciklərin mikroskopik hərəkəti ilə qazların makroskopik davranışı arasındakı əlaqəni izah edən mühüm nəticələr ortaya qoyub.

Bildirilir ki, mükafatın təqdimat mərasimi ABŞ-də keçirilib və qaliblərin hər birinə 15 min Kanada dolları məbləğində pul mükafatı verilib.