Ukraynada müdafiə naziri Mixail Fedorovun vəzifədən alınması siyasi gərginliyə səbəb olub.

Metbuat.az xəbər verir ki, Prezident Volodimir Zelenskinin bu qərarı ölkədə etirazlara yol açıb və minlərlə insan Kiyevdə küçələrə çıxaraq hakimiyyətə narazılığını bildirib. Etirazçılar Fedorovun gələcəkdə Zelenskiyə siyasi rəqib ola biləcəyi üçün vəzifədən uzaqlaşdırıldığını iddia ediblər. Qərardan sonra Baş nazir Yuliya Sviridenko da istefa verib. Zelenski bildirib ki, müdafiə nazirliyi ilə ordu rəhbərliyi arasında fikir ayrılıqları yaranıb və bu səbəbdən seçim etmək məcburiyyətində qalıb. Ukrayna lideri Fedorovun yerinə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Yevgeni Xmara namizədliyini irəli sürüb. Vəzifədən ayrılan Fedorov isə hərbi rəhbərliyi islahatlara mane olmaqda və köhnə idarəçilik üsullarından istifadə etməkdə ittiham edib. O, ordunun modernləşdirilməsi prosesində bürokratik maneələrlə üzləşdiklərini bildirib.

Qeyd edək ki, Fedorovun vəzifədə olduğu müddətdə Ukrayna ordusunun Rusiyaya qarşı əməliyyatlarda uğurlar qazandığı bildirilib. Ukrayna parlamenti isə Baş nazir Sviridenkonun istefasını qəbul edib və onun yerinə "Naftoqaz" şirkətinin rəhbəri Sergey Koretskinin gətirildiyi açıqlanıb.