Qədim Misir piramidalarının inşasında istifadə olunan nəhəng daş blokların necə daşındığı ilə bağlı uzun illərdir davam edən müzakirələrə aydınlıq gəlib.

Metbuat.az xəbər verir ki, alimlər peyk görüntüləri və geoloji tədqiqatlar nəticəsində qum altında qalmış, uzunluğu təxminən 64 kilometr olan qədim Nil çayı qolunu aşkar ediblər. Məlumata görə, "Əhramat" ("Piramidalar") adlandırılan bu qədim su yolu Giza yaylasındakı 31 piramidanın, o cümlədən Keops piramidasının yaxınlığından keçib.

Araşdırmalara görə, təxminən 4500 il əvvəl misirlilər daş karxanalarından çıxardıqları tonlarla ağırlığında olan blokları qayıqlara yükləyərək bu çay vasitəsilə tikinti sahəsinə çatdırıblar. Piramidaların yaxınlığında aşkar edilən qədim liman qalıqları da bu ehtimalı gücləndirən əsas sübutlardan biri hesab olunur.

Mütəxəssislər bildirirlər ki, min illər əvvəl baş verən quraqlıq və güclü qum fırtınaları nəticəsində çay qolu tamamilə qum altında qalıb və zamanla yoxa çıxıb.