Futbol sadəcə milyonların izlədiyi bir idman növü deyil, həm də insan ağlının sərhədlərini aşan, bəzən ən dramatik ssenariləri belə kölgədə qoyan canlı bir hekayədir. Bu günlərdə dünya mediasının və sosial şəbəkələrin gündəmini zəbt edən, internetin ən çox axtarılan vizualına çevrilən bir fotoşəkil də məhz bu böyük hekayənin ən sehrli səhifəsidir.
Metbuat.az xəbər verir ki, söhbət 20 il əvvəl gələcəyin dahi futbolçusu Lionel Messi ilə o vaxt hələ qundaqda olan körpə Lamine Yamalın eyni kadrda birləşdiyi tarixi şəkildən gedir. Amma bu fotonu bu gün daha da dəyərli və aktual edən sadə bir nostalji deyil; taleyin bu iki qəhrəmanı 2026-cı il Dünya Kubokunun finalında üz-üzə gətirməsidir.
2007-ci il: təsadüfi görüş, əbədi kadr
Hər şey 2007-ci ilin dekabrında baş verdi. İspaniyanın “Diario Sport” qəzeti və “Barselona” Fondu UNICEF-in xeyriyyə layihəsi çərçivəsində xüsusi bir təqvim hazırlayırdı. O zaman “Barselona”nın heyətində yeni-yeni parlamağa başlayan 20 yaşlı gənc Lionel Messi layihə çərçivəsində rəsadüfən 5 aylıq bir körpə ilə eyni çəkilişdə iştirak etməli oldu.
Həmin vaxt anası Şeyla Ebananın qucağında çəkiliş meydançasına gətirilən o körpə, bu gün İspaniya millisinin və dünya futbolunun ən parlaq gənc ulduzu Lamine Yamaldan başqası deyildi.
Fotonun müəllifi, tanınmış fotomüxbir Joan Monfort o anları xatırlayarkən maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, həmin vaxt xaraktercə olduqca utancaq və qapalı olan gənc Messi, plastik vanna daxilində suyun içində oturan və durmadan ağlayan körpə ilə necə davranacağını bilmir, həyəcandan tər tökürdü. Yalnız ananın müdaxiləsindən və körpəni sakitləşdirməsindən sonra Messi uşağı dəsmala büküb gülümsəyə bildi və beləcə, zamanı dayandıran o nadir kadr tarixə həkk olundu.
Atanın paylaşdığı sirr
İllərlə arxiv tozunda qalan bu fotonun yenidən gün işığına çıxması isə Lamine Yamalın atası Munir Nasrauinin sayəsində oldu. Onun iki il əvvəl sosial şəbəkədə paylaşdığı bu şəkil, bu gün - 2026-cı il Dünya Kubokunun final ərəfəsində tamamilə fərqli bir məna kəsb edir.
Bu iki fərqli nəslin nümayəndəsini birləşdirən ortaq nöqtələr isə heyrət doğurur:
• Hər ikisi 13 yaşında olarkən məşhur “La Masia” akademiyasına qəbul olub
• Hər ikisi “Barselona”nın əfsanəvi 10 nömrəli formasını geyinib.
• Və nəhayət, hər ikisi öz milli komandalarını çiyinlərində daşıyan liderlərdir.
Yarımçıq qalan estafet, yoxsa böyük qarşıdurma?
Bəziləri bu fotonu dahi Messinin öz “sehrli toxunuşu” ilə Yamala xeyir-dua verməsi, futbol taxt-tacının estafet ötürməsi kimi qiymətləndirir. Lakin bu estafet hələ tam başa çatmayıb. Çünki bazar günü dünya futbolunun iki fərqli dövrü - karyerasının son möhtəşəm akkordunu vuran Lionel Messi və futbol səmasında yeni doğan günəş Lamine Yamal Dünya Kubokunun qızıl kuboku uğrunda son “döyüş”ə çıxacaq.
2007-ci ildə bir vannada su ilə oynayan dahi və körpə, bu gün yaşıl meydanda dünya futbolunun ən böyük zirvəsini fəth etmək üçün qarşı-qarşıyadır. Şübhəsiz ki, pazar günü keçiriləcək final matçı təkcə qalibi bəlli etməyəcək, həm də bu unikal şəklin hekayəsinə möhtəşəm bir nöqtə qoyacaq.
Nazim Hüseynzadə / Metbuat.az