Göyçay rayon Bığır kənd sakinləri içməli və suvarma suyunun olmamasından əziyyət çəkir.

Metbuat.az-ın bölgə müxbirinə müraciət edən kənd sakinləri iddia edir ki, illər əvvəl Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin tikintisi zamanı su kanalının torpaqlanması nəticəsində suvarma arxı yararsız vəziyyətə düşüb. Arxın problemli olması və bir hissəsinə suyun gəlməməsi üçün sakinlər pay torpaqlarından səmərəli istifadə edə bilmir.

Sakinlər qeyd ediblər ki, kənddə içməli su təminatında da ciddi problemlər mövcuddur.

Məsələ ilə bağlı Göyçay Su Melorasiya Sistemlərinin İstismarı İdarəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bığır kəndinin suvarma suyu təminatı əsasən Qarayazı beton kanalı vasitəsilə nəzərdə tutulub. Kanal Yekəxana su anbarından qidalanır. Lakin, kanalın uzun müddət istifadə olunmaması və Oğuz–Qəbələ-Bakı magistral su kəmərinin tikintisi zamanı kanalın təxminən 600 metrlik hissəsinin torpaqla dolması nəticəsində kanal yararsız vəziyyətə düşüb. Kanalın tam bərpası üçün təxminən 2100 metr hissədə əsaslı təmir işlərinə ehtiyac var. Sözügedən ərazinin yaxınlığından Oğuz-Qəbələ-Bakı su kəməri keçir. Əvvəllər həmin kəmərdə yaranmış sızmadan istifadə etsələr də, sızma aradan qaldırıldıqdan sonra su təminatında çətinlik yaranıb.

Hazırda həmin ərazidə Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin içməli su xidməti mövcud deyil. Bu barədə vətəndaşlara izahat verilib. Əsaslı təmir işlərinin görülməsi üçün layihə sənədlərinin hazırlanması növbəti ildə nəzərdə tutulub.

Davud Tarverdiyev / Metbuat.az