Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Vaqif Nəbiyev vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Vaqif Nəbiyev 1947-ci il noyabrın 30-da Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 1966-cı ildə Marneuli şəhər 1 nömrəli orta məktəbini, 1973-cü ildə isə BDU-nun Jurnalistika fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildə “Maarif” nəşriyyatında korrektor kimi başlayıb, 1974-cü ildən BDU-da çalışıb. O, Sov.İKP tarixi (sonralar Siyasi tarix) kafedrasında baş laborant, müəllim və baş müəllim vəzifələrində işləyib, 1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi olub.
Vaqif Nəbiyev 30-dan çox elmi əsərin, o cümlədən “Siyasi tarix” və “Azərbaycan tarixi” fənləri üzrə proqramların müəllifi olub.
Allah rəhmət eləsin!