Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək" layihəsi çərçivəsində jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim-müzakirə sessiyası keçirilib.

Mətbuat.az xəbər verir ki, təlim Elm və Təhsil Nazirliyinin dəstəyi, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

İctimai Birliyin sədri Ayaz Mirzayev layihənin məqsədi, jurnalistlərin elm və təhsil sahəsində peşəkar biliklərinin artırılmasının əhəmiyyətindən bəhs edib.

Sessiya çərçivəsində Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsildə rəqəmsallaşma" mövzusunda təqdimatla çıxış edib.

O, təhsil sistemində rəqəmsal transformasiya prosesi, həyata keçirilən layihələr, müasir texnologiyaların tətbiqi, qlobal tendensiyalar və gələcək inkişaf istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz rəqəmsal mühitdə media və təhsil sahəsində aktual çağırışlar, informasiya texnologiyalarının inkişafı və rəqəmsal savadlılığın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova isə elm və təhsil mövzularının mediada peşəkar, obyektiv və məsuliyyətli şəkildə işıqlandırılmasının, həmçinin jurnalistlərin sahəvi biliklərinin davamlı inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Təlim interaktiv müzakirələr şəraitində keçirilib. Media nümayəndələrinin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb, həmçinin qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi elm və təhsil mövzularını işıqlandıran media nümayəndələrinin sahəvi biliklərini zənginləşdirmək, peşəkar bacarıqlarının inkişafına dəstək vermək və ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməkdir.

Layihə çərçivəsində il ərzində jurnalistlər üçün ümumilikdə 10 interaktiv təlim-müzakirə sessiyası keçirilməsi nəzərdə tutulub. Növbəti sessiyalarda təhsilin iqtisadiyyatı, məktəbəqədər və ali təhsil, tədrisin məzmunu, yerli və beynəlxalq qiymətləndirmələr, elmi islahatlar, təhsildə keyfiyyət təminatı və elmi-pedaqoji jurnalistika kimi aktual mövzular müzakirə olunması planlaşdırılır.