Bəzən elə məkanlar olur ki, oraya daxil olduğun ilk andan tarixlə üz-üzə qaldığını hiss edirsən. Azərbaycan Təbabəti Muzeyi də məhz belə ünvanlardandır.

Burada nümayiş etdirilən hər eksponat, hər sənəd və hər fotoşəkil Azərbaycanın səhiyyə tarixinin müxtəlif dövrlərini, bu sahəyə töhfə vermiş görkəmli alim və həkimlərin həyat yolunu əks etdirir.

"Avromed" şirkətinin dəstəyi ilə jurnalistlər üçün Azərbaycan Təbabəti Muzeyinə təşkil olunan mediatur çərçivəsində bu zəngin irslə yaxından tanış olmaq imkanı qazandıq.

Muzeyi bizə elmi işçi Zemfira Dadaşova təqdim etdi. Onun maraqlı izahları sayəsində eksponatlar sadəcə vitrində sərgilənən əşyalar deyil, Azərbaycan təbabətinin canlı tarixini danışan dəyərli şahidlərə çevrildi.

Muzeyin özü də tarixdir. Tarixi və memarlıq əhəmiyyətinə malik bu binada 1914–1917-ci illərdə görkəmli dövlət xadimi və həkim Nəriman Nərimanovun müalicəxanası fəaliyyət göstərib. Bu fakt binanın girişində yerləşdirilmiş barelyefdə də öz əksini tapıb.

Muzeyin girişində qədim yunan mifologiyasında sağlamlıq rəmzi sayılan Asklepinin, onun qızları Gigiyeya və Panatseyanın nəhəng barelyefləri ziyarətçiləri qarşılayır. Buradan başlayan səyahət Azərbaycan təbabətinin əsrlər boyu keçdiyi inkişaf yoluna aparır.

Birinci zalda XII əsrin dahi alimi Əbu Əli ibn Sinanın büstü və onun məşhur "Həkim elminin qanunu" əsərinin 1143-cü ilə aid əlyazmasının fotosurəti nümayiş etdirilir. Həmin əlyazmanın əsli AMEA-nın Əlyazmalar İnstitutunda qorunur. Burada həmçinin elmi tibbin banisi Hippokratın büstü və onun məşhur andından bir hissə təqdim olunur. Divarlar boyunca qədim Yunanıstan, Roma, Şərq və Azərbaycan təbabətinin inkişaf mərhələlərini əks etdirən mis lövhələr xüsusi zövqlə hazırlanıb.

İkinci zal Azərbaycanın orta əsrlər və XIX əsr tibb tarixinə həsr olunub. Burada qədim cərrahlıq alətləri, tibbi traktatların surətləri, Qarabağın məşhur təbiblərindən Baba Qaibov Qarabağinin və Qaibovlar nəslinin şəxsi əşyaları sərgilənir. Avropa universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin diplomları, monoqrafiyaları, elmi əsərləri və şəxsi sənədləri də bu zalın diqqət çəkən eksponatlarındandır.

Üçüncü zal XX əsrin əvvəllərində Bakıda yaradılmış müasir xəstəxanalar, neft sənayeçilərinin səhiyyəyə dəstəyi, Birinci Dünya müharibəsində fəaliyyət göstərən tibb işçiləri haqqında foto və sənədlərlə zəngindir. Xüsusilə vəba epidemiyası dövründə istifadə olunan xəstəxana baraklarının maketi və həmin dövrün təcili yardım arabasının rekonstruksiyası böyük maraq doğurur.

Dördüncü zal Azərbaycan Xalq Cümhuriyyəti dövrünün səhiyyə sistemini əks etdirir. Burada Bakı Dövlət Universitetinin Tibb fakültəsinin yaranması, ilk professorları, ilk məzunları haqqında materiallar yer alır. Nəriman Nərimanova həsr olunmuş guşədə onun tibbi məqalələri, şəxsi əşyaları və oğlu Nəcəfə yazdığı məktub nümayiş etdirilir.

Beşinci və altıncı zallarda sovet dövründə səhiyyənin inkişafı, Azərbaycan Tibb Universitetinin formalaşması, Qırmızı Aypara Cəmiyyətinin fəaliyyəti və Böyük Vətən müharibəsində fədakarlıq göstərmiş azərbaycanlı həkimlərin xidmətləri əks olunub. Həmin ekspozisiyalar göstərir ki, müharibə illərində həkimlər cəbhədə minlərlə yaralı əsgərin həyatını xilas edərək böyük qəhrəmanlıq nümunəsi göstəriblər.

Muzeydə mənə ən çox təsir edən guşələrdən biri isə Qarabağ müharibələrinə həsr olunmuş ekspozisiya oldu. Burada Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhid olmuş həkimlərin həyat yolu, onların göstərdikləri şücaət haqqında məlumatlar nümayiş etdirilir. Ağ xalat geyinərək insanlara həyat bəxş edən bu insanların eyni zamanda Vətənin müdafiəsi uğrunda canlarından keçməsi ziyarətçilərdə böyük qürur və kövrək hisslər yaradır.

Bu bölmədə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin şəxsi əşyaları da sərgilənir. Peşəcə həkim olan, sonradan jurnalist kimi Qarabağ həqiqətlərini bütün dünyaya çatdıran Çingiz Mustafayevə aid eksponatlar onun keçdiyi şərəfli ömür yolunu əks etdirir. Şəxsi əşyaları, xatirə materialları və fəaliyyəti ilə bağlı eksponatlar ziyarətçilərə onun həm həkim, həm də Azərbaycanın qəhrəman jurnalisti kimi xidmətlərini bir daha xatırladır.

Yeddinci zal müharibədən sonrakı dövrdə Azərbaycan səhiyyəsinin inkişafına həsr olunub. Burada Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş həkimlər, görkəmli səhiyyə təşkilatçısı Əziz Əliyev və digər tanınmış tibb xadimləri haqqında materiallar nümayiş etdirilir.

Sonrakı zallarda ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə səhiyyə sahəsində həyata keçirilən islahatlar, ölkədə yaradılan ixtisaslaşmış tibb mərkəzləri, xaricdə yüksəkixtisaslı kadrların hazırlanması barədə zəngin materiallar təqdim olunur. Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsindəki elmi fəaliyyəti də ayrıca guşədə əks etdirilib.

Muzeyin son zalı Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan səhiyyəsinin inkişafına həsr olunub. Burada son illərdə istifadəyə verilmiş müasir xəstəxanalar, tibbi müəssisələr, yeni avadanlıqlarla təchiz edilmiş mərkəzlər və səhiyyə sahəsində həyata keçirilən layihələri əks etdirən fotolar nümayiş olunur. Ekspozisiya 1918-ci ildən bu günə qədər fəaliyyət göstərmiş Azərbaycanın səhiyyə nazirləri haqqında məlumatlarla yekunlaşır.

Mediatur zamanı bir daha əmin oldum ki, Azərbaycan Təbabəti Muzeyi sadəcə eksponatların toplandığı məkan deyil. Bu muzey Azərbaycan təbabətinin keçmişini, alimlərimizin dünya elminə verdiyi töhfələri, həkimlərin fədakarlığını və xalqımızın sağlamlıq salnaməsini yaşadan mühüm elmi-mədəniyyət ocağıdır.

Zemfira Dadaşovanın peşəkar təqdimatı sayəsində muzeyin hər zalı, hər vitrini və hər eksponatı sanki danışırdı. Buradan ayrılarkən belə bir fikir formalaşdı: səhiyyənin bugünkü uğurlarını qiymətləndirmək üçün onun keçdiyi yolu bilmək lazımdır. Azərbaycan Təbabəti Muzeyi də məhz bu yolu qoruyub gələcək nəsillərə çatdıran ən dəyərli ünvanlardan biridir.

Gülbəniz Hüseynli / Metbuat.az