Davamlı texnoloji yeniliklərlə müşayiət olunan informasiya əsrində insanların xəbər dövriyyəsinə bu və ya digər formada təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Bəli, artıq təqib edilməsi belə çox çətinləşən rəqəmsal texnologiyanın inkişafı məlumat mübadiləsinin iştirakçısı olan fərdlərin funksiyasını xeyli genişləndirib. Bu baxımdan, əminliklə deyə bilərik ki, bu gün insanlar yalnız məlumatla təmin edilən deyil, eyni zamanda, informasiya yayımı ilə məşğul olan tərəfə çevrilib.

Odur ki, yuxarıda vurğulanan texnoloji inkişafdan yararlanan fərdlərin müxtəlif platformalarda paylaşdıqları xəbər və ya digər məzmunlar artıq saniyələr ərzində minlərlə insana çatdırıla bilir. Bu vəziyyət özlüyündə operativliyin qorunması kontekstində müsbət təəssürat yaratsa da, mövcud tendensiyanın ilk növbədə məsuliyyətlə bağlı yetərincə neqativ yönləri də var. Yəni texnoloji imkanlar xəbərin yayılma sürətini artırmaqla yanaşı, yalan və saxta məlumatların informasiya dövriyyəsinə asan çıxışı üçün əlverişli zəmin formalaşdırıb. Bəhs olunan durumun geniş mənada məsuliyyət hissindən qaynaqlanması isə dezinformasiyaya qarşı mübarizənin yalnız dövlət qurumlarının və ya medianın üzərinə düşən vəzifə kimi qiymətləndirilməsinin doğru olmadığını ortaya qoyur. Qeyd olunanları nəzərə aldıqda, buna bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olaraq yanaşmaq lazım gəlir.

Dezinformasiya ilə mübarizənin zəruriliyinə əksər hallarda hüquqi və texnoloji tədbirlər kontekstində baxılır. Əlbəttə, qanunvericiliyin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyi mexanizmlərinin gücləndirilməsi, eləcə də rəqəmsal platformaların məsuliyyətinin artırılması çox önəmlidir. Ancaq razılaşaq ki, cəmiyyətin fəal iştirakı olmadan bu məsələlərin həllinə, ən azı, neqativ halların maksimum lokallaşdırılmasına nail olmaq mümkün deyil. Çünki dezinformasiyanın hazırlanması işin bir tərəfidirsə, digər tərəfi yalan məlumatların düşünmədən paylaşılmasıdır.

Hazırda sosial şəbəkə istifadəçilərinin ayrı-ayrılıqda kiçik bir “informasiya mərkəzi”nə çevrildiyi göz qabağındadır. Yaxın illərə qədər xəbər dövriyyəsinə əsas təchizatçı peşəkar media idisə, indi istənilən sosial şəbəkə istifadəçisi öz “məhsul”u ilə informasiya müstəvisinə çıxaraq geniş auditoriyaya təsir etmək imkanı qazanıb. Bu isə nəticə etibarilə onların paylaşdıqları hansısa dəqiqləşdirilməmiş məlumatın ictimai rəyi yanlış yönləndirə biləcəyini göstərir.

İnformasiya təhlükəsizliyi anlayışı həm də cəmiyyətin daxilində etimad mühitinin qorunmasının vacibliyini ehtiva edir. Daha aydın ifadə etsək, insanlar aldıqları informasiyaya güvənmədikdə, rəsmi açıqlamalara şübhə ilə yanaşdıqda və ya hər xəbəri manipulyasiya kimi qəbul etdikdə sağlam ictimai münasibətlərin zəifləməsi qaçılmaz olur. Belə bir şəraitdə isə dezinformasiyanın yayılması daha da asanlaşır. Deməli, cəmiyyətin informasiya mədəniyyəti milli təhlükəsizliyin görünməyən, lakin mühüm elementi kimi çıxış edir.

Dezinformasiyaya qarşı mübarizədə cəmiyyətin mütəşəkkilliyindən danışarkən o da qeyd olunmalıdır ki, bu məsələdə ailənin rolu bəzən kifayət qədər qiymətləndirilmir. Halbuki uşaqların və yeniyetmələrin informasiya ilə davranış vərdişləri ilk növbədə ailədə formalaşır. Valideynlər övladlarına yalnız texnologiyadan istifadə etməyi deyil, informasiyanı qiymətləndirməyi, mənbənin etibarlılığını yoxlamağı və emosional manipulyasiyalara uymamağı da öyrətməlidirlər. Bu, gələcəkdə daha məsuliyyətli rəqəmsal vətəndaşların yetişməsi üçün çox vacibdir.

Məktəblər və ali təhsil müəssisələri, həmçinin vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti də bu prosesdə mühüm yer tutur. İctimai təşkilatlar, könüllü təşəbbüslər, ekspert platformaları və müxtəlif maarifləndirici layihələr cəmiyyətin məlumatlılığının artırılmasında çox faydalı ola bilər. Belə təşəbbüslər insanların yalnız faktı öyrənməsinə deyil, faktla şayiə arasındakı fərqi dərk etməsinə də kömək edər, nəticədə informasiya mühitində daha sağlam davranış modeli formalaşar. Dezinformasiyaya qarşı mübarizə yalnız hansısa qurumun vəzifəsi kimi qəbul edildikdə nəticə məhdud olur. Bu mübarizənin ən etibarlı dayağı məlumatlı, məsuliyyətli və düşünərək qərar verən cəmiyyətdir.

Mövzunun kifayət qədər aktual olduğunu vurğulayan Milli Məclisin deputatı Naqif Həmzəyev hesab edir ki, bu gün dezinformasiya ilə mübarizə təkcə informasiya təhlükəsizliyi deyil, həm də milli təhlükəsizlik məsələsidir:

“Müasir dövrdə dövlətlərə qarşı təhdidlər yalnız hərbi və ya iqtisadi müstəvidə baş vermir. İnformasiya məkanında həyata keçirilən məqsədli manipulyasiyalar, saxta xəbərlərin yayılması və ictimai rəyə təsir cəhdləri də ölkələrin sabitliyi üçün ciddi risklər yaradır. Buna görə də dezinformasiyaya qarşı mübarizənin həm dövlətin, həm də cəmiyyətin ortaq məsuliyyəti kimi qiymətləndirilməsi daha doğrudur.

Azərbaycan son illərdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atıb. Prezident İlham Əliyev müxtəlif çıxışlarında dəfələrlə vurğulayıb ki, müasir dövrdə informasiya məkanı uğrunda mübarizə ən azı digər sahələr qədər əhəmiyyətlidir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə bunun şahidi olduq. Həmin günlərdə Azərbaycan yalnız döyüş meydanində deyil, informasiya cəbhəsində də mübarizə aparırdı. Dövlətimizin başçısının dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr, faktlara söykənən mövqeyi və ardıcıl informasiya siyasəti ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Bu təcrübə bir daha göstərdi ki, həqiqətin operativ və peşəkar şəkildə təqdim edilməsi dezinformasiyaya qarşı ən təsirli cavablardan biridir”.

Millət vəkili dövlətin bu gün də informasiya təhlükəsizliyinin gücləndirilməsi, rəqəmsal mühitdə yaranan yeni risklərin qarşısının alınması və media mühitinin inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirdiyini diqqətə çatdırıb:

“Bununla yanaşı, yalnız dövlətin fəaliyyəti ilə kifayətlənmək olmaz. Əgər cəmiyyət özü də məsuliyyət nümayiş etdirməzsə, dezinformasiyaya qarşı mübarizə istənilən nəticəni verməyəcək.

Bu gün hər bir sosial şəbəkə istifadəçisi, əslində, informasiya dövriyyəsinin iştirakçısıdır. Paylaşılan hər xəbər, hər şəkil və ya hər video minlərlə insana çata bilir. Ona görə də vətəndaşlar informasiyanı paylaşmazdan əvvəl onun doğruluğunu yoxlamalı, mənbənin etibarlılığına diqqət yetirməlidirlər. Təəssüf ki, bəzən insanlar bilmədən də saxta məlumatların yayılmasına vasitəçi olurlar. Halbuki informasiya təhlükəsizliyinin qorunmasına hər birimizin kiçik də olsa töhfə verməsi mümkündür”.

N.Həmzəyev bu çərçivədə xüsusilə gənclər arasında media savadlılığının artırılması, düşüncə bacarıqlarının inkişaf etdirilməsi və rəqəmsal məkanda məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasının vacib olduğunu bildirib:

“Bu məsələ yalnız dövlət qurumlarının deyil, ailələrin, təhsil müəssisələrinin, medianın və vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifələr qoyur.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, milli informasiya məkanının qorunması və cəmiyyətin dezinformasiyaya qarşı dayanıqlığının artırılması istiqamətində həyata keçirilən siyasət bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Bu prosesdə hər bir vətəndaşın məsuliyyətli mövqeyi xüsusi əhəmiyyət daşıyır. Çünki güclü dövlət yalnız möhkəm iqtisadiyyata və qüdrətli orduya deyil, eyni zamanda, doğru informasiyanı dəyərləndirməyi bacaran, milli maraqları hər zaman üstün tutan məsuliyyətli cəmiyyətə söykənir”.

A.Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

f6dc653920-qhtt.jpg

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.