Azərbaycanda bank kartları və digər ödəniş alətlərinin könüllü və ya müəyyən mənfəət qarşılığında üçüncü şəxslərə verilməsinə görə hüquqi məsuliyyətin müəyyən edilməsi təklif olunur. Bu addım maliyyə sektorunda son dövrlər artan fırıldaqçılıq sxemlərinin və kibertəhlükəsizlik risklərinin qarşısının alınmasında ən effektiv mexanizm kimi qiymətləndirilir.

Metbuat.az xəbər verir ki, bu barədə "Maliyyə sektorunda kibertəhlükəsizlik çağırışları" mövzusunda keçirilən təlimdə çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin böyük mütəxəssisi Elvin Cuvarov bildirib ki, fırıldaqçılıq halları zamanı bəzi vətəndaşlar cüzi qazanc müqabilində öz adlarına bank kartı açdıraraq başqalarına təhvil verirlər. Bununla da onlar bilərəkdən və ya bilməyərəkdən irimiqyaslı dələduzluq sxemlərinin, o cümlədən çirkli pulların yuyulması prosesinin iştirakçısına çevrilirlər.

Mərkəzi Bank rəsmisinin sözlərinə görə, hazırda daxili bazarda və qlobal maliyyə sistemində ən geniş yayılmış dələduzluq formaları aşağıdakılardır:

Avtorizə edilməmiş əməliyyatlar: Kart sahibinin icazəsi və xəbəri olmadan vəsaitlərin silinməsi;

Manipulyasiya (sosial mühəndislik) vasitəsilə icra olunan əməliyyatlar: Vətəndaşların aldadılaraq, psixoloji təzyiq və ya saxta kampaniyalarla kart məlumatlarını fırıldaqçılara özlərinin ötürməsi;

İcazəli və üçüncü şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar: Kartın və ya onlayn bankçılıq məlumatlarının könüllü olaraq başqasına verilməsi fonunda yaranan fırıldaqçılıq halları.

Maliyyə cinayətkarlığına qarşı mübarizədə qanunvericilik bazasının sərtləşdirilməsinin vacibliyini vurğulayan E. Cuvarov bu sahədə uğurlu beynəlxalq təcrübəyə diqqət çəkib. O xatırladıb ki, Rusiyada ödəniş vasitələrinin və bank kartlarının qanunsuz olaraq üçüncü şəxslərə verilməsinə görə cinayət məsuliyyəti, hətta azadlıqdan məhrumetməyədək ağır cəza tədbirləri qüvvədədir.

"Fırıldaqçılıq və kibertəhlükəsizlik kimi halların qarşısının alınmasında ən təsirli vasitələrdən biri qanunvericilik sahəsində müvafiq tədbirlərin həyata keçirilməsidir. Azərbaycanda da bank kartının üçüncü şəxslərə verilməsi hallarına görə məsuliyyətin müəyyən edilməsi məqsədilə müvafiq qanunvericilik aktlarının hazırlanaraq qəbul olunmasına ciddi ehtiyac var".

Qanunvericiliyə təklif olunan bu dəyişiklik təkcə bankların təhlükəsizliyini təmin etməyəcək, həm də sadə vətəndaşları böyük hüquqi risklərdən qoruyacaq. Bir çox hallarda "asan qazanc" vədlərinə aldanaraq adlarına açılmış kartları satıcı qismində kənar şəxslərə verən şəxslər, həmin kartlar vasitəsilə böyük məbləğdə qanunsuz vəsaitlər dövr etdirildikdə birbaşa cinayətin ortağı statusuna düşürlər. Hüquqi mexanizmin yaradılması bu növ " oyanıq" sxemlərin kökünü kəsmək üçün ən effektiv preventiv (qabaqlayıcı) addım ola bilər.

Gülbəniz Hüseynli / Metbuat.az