Formula 1 təkcə mühəndislik nailiyyətlərinin və yüksək sürətin nümayiş olunduğu avtoidman növü deyil, eyni zamanda milyardlarla dolların dövr etdiyi qlobal biznes sənayesidir.
Metbuat.az xəbər verir ki, saatda 300 kilometrdən çox sürətlə yarışan pilotlar yalnız dünya çempionluğu uğrunda deyil, həm də milyonlarla dollar dəyərində müqavilələr və sponsorluq gəlirləri uğrunda mübarizə aparırlar. Bu səbəbdən Formula 1-də pilotların qazancı idman dünyasının ən yüksək gəlirləri sırasında yer alır.
Pilotların illik gəlirləri əsasən iki istiqamətdən formalaşır. Birinci istiqamət komandalar tərəfindən ödənilən sabit maaş və yarışlarda qələbə, podium və çempionluq kimi nəticələrə görə verilən bonuslardır. İkinci istiqamət isə şəxsi sponsorluq və reklam müqavilələridir ki, bu da bəzi pilotların illik gəlirlərini on milyonlarla dollar artırır.
Qlobal biznes mediasının hesablamalarına görə, hazırda Formula 1-in ən çox qazanan pilotu Red Bull Racing komandasının sürücüsü Max Verstappendir. Onun illik sabit maaşı bonuslarla birlikdə təxminən 55 milyon ABŞ dolları təşkil edir, sponsorluq müqavilələrindən isə əlavə 5-7 milyon ABŞ dolları gəlir əldə edir. Son illərin dominant dünya çempionu olan niderlandlı pilotun Red Bull ilə 2028-ci ilə qədər qüvvədə olan müqaviləsi Formula 1 tarixinin ən bahalı müqavilələrindən biri hesab edilir.
Gəlirlərinə görə ikinci pillədə Ferrari komandasının pilotu Lewis Hamilton qərarlaşıb. Yeddiqat dünya çempionunun illik maaşı təxminən 50-55 milyon ABŞ dolları, sponsorluq gəlirləri isə 10-15 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Hamilton Monster Energy, Tommy Hilfiger və Puma kimi qlobal brendlərlə əməkdaşlıq etdiyi üçün Formula 1-də marketinq baxımından ən yüksək kommersiya dəyərinə malik pilotlardan biri hesab olunur. Ekspertlər Ferrari-yə keçidinin onun brend dəyərini daha da artırdığını bildirirlər.
Ferrarinin digər pilotu Charles Leclerc də Formula 1-in ən yüksək maaş alan idmançıları sırasındadır. Onun illik maaşı təxminən 30 milyon ABŞ dolları, sponsorluq gəlirləri isə 3-5 milyon ABŞ dolları təşkil edir. McLaren komandasının ulduzu Lando Norris isə ildə təxminən 20 milyon ABŞ dolları maaş alır və sponsorluq müqavilələrindən əlavə 3-4 milyon ABŞ dolları gəlir əldə edir. Aston Martin komandasının təcrübəli pilotu Fernando Alonso isə təxminən 18 milyon ABŞ dolları maaş və 2 milyon ABŞ dolları sponsorluq gəliri ilə ilk beşliyi tamamlayır.
Mütəxəssislər bildirirlər ki, Formula 1-də yeni nəsli təmsil edən Charles Leclerc və Lando Norris son illərdə bağladıqları uzunmüddətli müqavilələr sayəsində maaşlarını əhəmiyyətli dərəcədə artıraraq bir sıra veteran pilotları geridə qoyublar. Onların Ferrari və McLaren ilə imzaladıqları yeni müqavilələr bir neçə il əvvəlki qazanc səviyyəsini demək olar ki, iki dəfə yüksəldib.
Formula 1-də tətbiq olunan büdcə məhdudiyyəti sistemi – Cost Cap qaydaları komandaların əksər xərclərinə şamil olunsa da, pilotların maaşları bu məhdudiyyətə daxil edilmir. Məhz buna görə də komandalar ən güclü pilotları heyətlərində saxlamaq üçün onlara istədikləri həcmdə əməkhaqqı və bonus ödəyə bilirlər ki, bu da Formula 1-də pilot maaşlarının hər il rekord səviyyələrə çatmasına şərait yaradır.
Pilotların gəlirləri ilə bağlı hesablamalar hər il qlobal idman iqtisadiyyatını təhlil edən Forbes reytinqləri, eləcə də Motorsport.com və Sky Sports F1 kimi nüfuzlu idman nəşrlərinin araşdırmaları əsasında hazırlanır. Rəqəmlər rəsmi müqavilələrin tam açıqlanmaması səbəbindən təxmini hesablamalara əsaslansa da, Formula 1-in dünyanın ən yüksək gəlirli idman növlərindən biri olduğunu və pilotların həm trasda, həm də kommersiya baxımından böyük iqtisadi dəyər yaratdığını açıq şəkildə nümayiş etdirir.
Gülbəniz Hüseynli / Metbuat.az