Futbol dünyasının nəhəngləri üçün 2026-cı il Dünya Çempionatı heç də gözlənildiyi kimi başlamadı. Turnirin qrup mərhələsinin ilk günləri qlobal miqyasda böyük sürprizlərlə yadda qalır. Milyonlarla dollarlıq ulduz heyətlərə sahib olan favoritlər kağız üzərində zəif görünən rəqibləri qarşısında ciddi xal itkiləri ilə üzləşirlər.

Metbuat.az xəbər verir ki, bunun ən bariz nümunəsi İspaniya və Uruqvay millilərinin keçirdiyi son qarşılaşmalarda qeydə alındı. Turnirin əsas iddialılarından sayılan İspaniya ciddi müqavimətlə qarşılaşaraq Kabo-Verde ilə bərabərə qaldı. Analoji şok nəticə Uruqvayın da başına gəldi. Cənubi Amerika təmsilçisi Səudiyyə Ərəbistanının nizamlı və fədakar oyunu qarşısında çarəsiz qalaraq meydandan cəmi 1 xalla ayrılmağa məcbur oldu.

Bu nəticələr bir daha sübut edir ki, müasir futbolda artıq zəif rəqib anlayışı yoxdur. Autsayder hesab olunan komandalar taktiki intizam və yüksək motivasiya sayəsində divlərin qorxulu yuxusuna çevrilirlər. İlk turlardan yaranan bu gərginlik turnirin qalan hissəsinin daha dramatik və maraqlı keçəcəyindən xəbər verir.

Nazim Hüseynzadə / Metbuat.az