Dünya tibb və elm ictimaiyyəti Kosta-Rikadan gələn dəhşətli xəbərlərlə sarsılıb. Bir vaxtlar kökü kəsilmiş hesab olunan və qurbanlarını canlı-canlı yeməklə tanınan qorxunc milçək növü ("Cochliomyia hominivorax") yenidən ortaya çıxaraq fəlakətə səbəb olub.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Kosta-Rikanın rəsmi qurumları ölkədə fövqəladə vəziyyət elan edib. Buna səbəb parazitin təkcə iribuynuzlu heyvanları və itləri deyil, artıq insanları da hədəf almağa başlamasıdır. Bu “qanadlı bəla”nın törətdiyi xəstəlik tibb ədəbiyyatında "miasis" (qurd infeksiyası) adlanır və infeksiyaya yoluxanların sayı sürətlə artır.
Bu milçəyin həyat tsikli dəhşətli bir ssenarini xatırladır. Dişi milçəklər insan və ya heyvan bədənindəki açıq yaraların kənarına yüzlərlə yumurta qoyur. Yumurtadan çıxan sürfələr bir neçə saat ərzində dərini deşərək bədənin daxilinə doğru irəliləyir və canlı toxumalarla qidalanmağa başlayır. Qurbanını içəridən yeyən bu qurdlar müalicə olunmadıqda daxili orqanların sıradan çıxmasına və ölümə səbəb olur. Kosta-Rika Səhiyyə Nazirliyi artıq yeddi insanın bu dəhşətli infeksiyaya yoluxduğunu təsdiqləyib. İlk ölüm hadisəsi isə ağız boşluğunda sürfələr aşkar edilən 19 yaşlı gənc qadında qeydə alınıb.
Ekspertlər bu “qanadlı bəla”nın yayılma coğrafiyasının genişlənməsindən ciddi narahatdırlar. Çünki parazit təbii miqrasiya və heyvan daşımaları vasitəsilə digər ölkələrə də asanlıqla keçə bilir. Hazırda Kosta-Rika hökuməti epidemiyanın qarşısını almaq üçün təyyarələrlə milyonlarla qısırlaşdırılmış erkək milçəyi təbiətə buraxır ki, onların çoxalma zənciri qırılsın. Səhiyyə rəsmiləri əhaliyə xəbərdarlıq edərək, bədəndəki ən kiçik kəsik və ya yaraya belə dərhal antiseptik qulluq göstərilməsini və ciddi şəkildə qorunmasını tövsiyə edir.