Türkiyə şou-biznesi böyük bir skandalla çalxalanır. Yeşilçamın əfsanəvi aktrisası Türkan Şoray və Cihan Ünalın qızı Yağmur Ünal haqqında şok iddia yayılıb.

Metbuat.az xəbər verir ki, məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində Yağmur Ünalın analiz nəticələri pozitiv çıxıb. Məhkəmə Tibb Ekspertizasının açıqlamasından sonra Yağmur Ünal səssizliyini pozub.

Tanınmış prodüser sosial media hesabında yazılı açıqlama yayıb. O, haqqındakı iddiaları qətiyyətlə təkzib edib.

Yağmur Ünal açıqlamasında bu sözləri qeyd edib:

“Haqqımda çıxan və həqiqəti qətiyyən əks etdirməyən xəbərləri böyük təəccüblə öyrəndim. Rəsmi nəticələr hələ mənə çatmayıb. Böyük bir yanlışlıq olduğunu düşünürəm. Tezliklə gerçək ortaya çıxacaq. Lazım gələrsə, özümün özəl olaraq verdiyim analizlərin nəticələrini də şəffaf şəkildə paylaşacağam. Bu çətin günlərdə yanımda olan ailəmə və dostlarıma təşəkkür edirəm”.

Qeyd edək ki, eyni əməliyyat çərçivəsində məşhur müğənni Mabel Matizin də analiz nəticələrinin pozitiv çıxdığı iddia edilmişdi. Lakin müğənni müstəqil laboratoriyada təkrar analiz verdiyini və nəticənin neqativ çıxdığını bəyan edib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.