İcarə əsasında "Barselona"da çıxış edən "Əl-Hilal"ın futbolçusu Joao Kanselonun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Metbuat.az xəbər verir ki, “Əl-Hilal” klubu portuqaliyalı futbolçunun transferini reallaşdırmaq üçün maliyyə tələblərində dəyişiklik edib. Bildirilir ki, klub daha əvvəl müəyyən etdiyi 15 milyon avroluq satış məbləğindən geri çəkilib və tərəflər arasında yeni şərtlərlə danışıqlar aparılır. Məlumata görə, təcrübəli müdafiəçi yenidən ərəb futboluna qayıtmağa isti yanaşmır. Həmçinin onun baş məşqçi Simone İnzagi ilə münasibətlərinin gərgin olması ayrılığı daha da yaxınlaşdıran amillərdən biri kimi göstərilir.

Digər tərəfdən, “Barselona” transferin baş tutmasına kömək etmək üçün alternativ variant üzərində işləyir. Kataloniya təmsilçisinin Hans-Diter Flikin planlarına daxil olmayan Mark Kasadonu müqavilənin bir hissəsi kimi “Əl-Hilal”a təklif edə biləcəyi iddia olunur.