Türkiyənin “Qalatasaray” klubu transfer bazarında yenidən böyük səs-küy yaradıb. İstanbul təmsilçisinin budəfəki hədəfi “Real Madrid”in gənc və perspektivli yarımmüdafiəçisi Eduardo Celmi Camavinqadır.

Metbuat.az xəbər verir ki, “Qalatasaray” rəhbərliyi yarımmüdafiə xəttini gücləndirmək üçün yüksək səviyyəli futbolçu transferini prioritet elan edib. Sarı-qırmızılı klubun Camavinqa üçün ciddi maliyyə paketini hazırladığı və danışıqlara başlamaq niyyətində olduğu bildirilir.

“Qalatasaray” qaradərili futbolçunu ya satınalma opsiyalı kirayə, ya da birbaşa transferlə heyətinə qatmaq istəyir. Lakin “Real Madrid”in gənc yarımmüdafiəçi üçün yüksək məbləğ tələb etməsi bu əməliyyatı çətinləşdirə bilər.

Buna baxmayaraq, “Qalatasaray”ın son illərdə həyata keçirdiyi sürpriz transferlər və Avropa arenasında artan ambisiyası bu planın reallaşacağını göstərir.

Qeyd edək ki, Eduardo Camavinqa “Real Madrid”in heyətində 43 oyuna çıxıb. O, 2 qol vurub və 1 qolun ötürməsini verib.