Türkiyənin “Beşiktaş” klubunda yeni baş məşqçi axtarışları davam edir.
Metbuat.az xəbər verir ki, Sergen Yalçını yola salmağa hazırlaşan İstanbul təmsilçisinin namizədlər siyahısında diqqət çəkən yeganə yerli məşqçi Arda Turandır.
Məlumata görə, “Beşiktaş” rəhbərliyi əsasən xarici mütəxəssislərlə maraqlansa da, alternativ variant kimi yalnız Arda Turanın adı ön plana çıxır. Hazırda Ukraynanın “Şaxtyor Donetsk” klubunu çalışdıran gənc mütəxəssis komandası ilə uğurlu mövsüm keçirir. Turanın rəhbərliyi altında Ukrayna təmsilçisi həm ölkə çempionatında iddialı çıxış edir, həm də Konfrans Liqasında yarımfinala qədər irəliləyib.
Qeyd edək ki, futbolçu karyerasında “Qalatasaray”, “Atletiko Madrid” və “Barselona” kimi nəhəng klubların formasını geyinən Arda Turan məşqçilik fəaliyyətinə qısa müddətdə uğurlu başlanğıc etməyi bacarıb. O, daha əvvəl “Eyüpspor”u Super Liqaya yüksəltməklə də diqqət mərkəzinə düşmüşdü.