Müharibə əlilləri və şəhid ailələri daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı tələb olunan sənədlərə görə dövlət rüsumu ödəməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Qurum rəhbəri bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6-cı maddəsi və “Dövlət rüsumu haqqında” qanunun 26-cı maddəsi daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı sənədlərə görə tutulan rüsumları tənzimləyir. Təklif edilən dəyişikliklər isə bu rüsumlardan sosial cəhətdən həssas kateqoriyaların azad edilməsini nəzərdə tutur.

Azadolma aşağıdakı xidmət və hüquqi hərəkətləri əhatə edəcək:

  • daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı reyestrdən çıxarışın verilməsi;
  • texniki sənədlərin (pasport və plan-ölçü) hazırlanması və təqdim edilməsi;
  • torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin aparılması;
  • daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
  • ipoteka müqavilələrinin dövlət qeydiyyatı;
  • daşınmaz əmlaka dair digər hüquqi hərəkətlərin icrası.

Nigar Alimovanın sözlərinə görə, rüsumdan azadolma müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə bağlı, hərbi xidmət vəzifələrini yerinə yetirərkən (o cümlədən Çernobıl AES-də xidmət zamanı) əlilliyi müəyyən edilmiş şəxslərə, eləcə də şəhid ailəsi statusu almış şəxslərə şamil olunacaq.

Qeyd edilib ki, bu dəyişikliklər sözügedən kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və onların daşınmaz əmlakla bağlı hüquqlarının daha asan və əlçatan şəkildə rəsmiləşdirilməsinə xidmət edir.