Dünyada elə bir ölkə var ki, öz milli pul vahidi yoxdur və böyük beynəlxalq hava limanı mövcud deyil. Buna baxmayaraq, bu ölkə Avropanın ən zəngin mikrodövlətlərindən biri sayılır. Üstəlik, knyaz ailəsi dünyanın ən varlı monarxları sırasında yer alır.
Metbuat.az-ın məlumatına görə, söhbət Lixtenşteyn Knyazlığından gedir.
Bu ölkə İsveçrə və Avstriya arasında yerləşir və əhalisi təxminən 40 min nəfərdir. Lixtenşteynin rəsmi dili alman dilidir, ölkədə isə İsveçrə frankı istifadə olunur. Lixtenşteyn dünyada adambaşına düşən gəlirin ən yüksək olduğu ölkələrdən biridir. Vergilər nisbətən aşağıdır, dövlətin maliyyə vəziyyəti isə çox sabitdir. Ölkənin xarici borcu ya yoxdur, ya da çox minimal səviyyədədir.
Burada yaşayış səviyyəsi o qədər yüksəkdir ki, bir çox vətəndaş maliyyə baxımından ciddi çətinlik yaşamır. Bununla belə, əhalinin böyük hissəsi işləyir və yüksək maaş alır. Ölkədə iş yerlərinin çoxluğu səbəbindən hər gün minlərlə insan Almaniya və Avstriyadan Lixtenşteynə işləməyə gəlir.
Cəmiyyətdə sakitlik və qarşılıqlı hörmət əsas dəyər sayılır. Səs-küy salmaq və qonşuları narahat etmək xoş qarşılanmır. Zənginliyi nümayiş etdirmək isə etik baxımdan uyğun hesab edilmir. Lixtenşteyn dünyada cinayət səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. Ölkədə polis əməkdaşlarının sayı azdır və həbsxanalarda adətən çox az sayda məhkum olur. Bu səbəbdən bəzi sakinlər qapılarını kilidləmədən də evlərini tərk edə bilirlər.
Sevinc İbrahimzadə / Metbuat.az