Sosial mediada bir şirkətin “Onlayn satış üzrə mütəxəssis” vakansiyası ilə bağlı elanı müzakirələrə səbəb olub.

Metbuat.az-ın məlumatına görə, elanda iş qrafiki həftədə 5 iş günü ofisdən çalışaraq, saat 10:00-dan 18:00-dək müəyyən edilib. Şənbə və bazar günləri isə ofisə gəlmək tələb olunmasa da, onlayn platformalara daxil olan mesajların cavablandırılması “mütəşəkkil şəkildə” təmin edilməlidir. Bundan əlavə, axşam saatlarında daxil olan mesajların da vaxtında cavablandırılması tələb olunur.

Bu tələblər sosial şəbəkə istifadəçiləri tərəfindən “24/7 işləmək” və “işçinin istismarı” kimi qiymətləndirilib.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, normal iş vaxtının müddəti həftədə 40 saatdan artıq olmamalıdır. Gündəlik iş vaxtı, bir qayda olaraq, 8 saat müəyyən edilir. Əgər işçi iş vaxtından sonra, yəni artıq işə cəlb olunursa, bu yalnız qanunla nəzərdə tutulan hallarda mümkündür və həmin vaxt üçün əlavə ödəniş verilməlidir. Həmçinin, istirahət günlərində – şənbə və bazar günləri görülən işlərə görə də işçiyə ya ikiqat əməkhaqqı ödənilməli, ya da başqa istirahət günü verilməlidir.

İşçinin rəsmi iş qrafikindən kənar vaxtlarda daimi şəkildə onlayn olmağa məcbur edilməsi və bunun üçün əlavə əməkhaqqının nəzərdə tutulmaması əmək qanunvericiliyinin pozulması hesab edilə bilər.

Sevinc İbrahimzadə / Metbuat.az