"Qərbi Azərbaycana qayıdış məsələsi beynəlxalq hüquq və informasiya müstəvisində daha sistemli yanaşma tələb edir. Bu istiqamətdə mövcud siyasi sənədlər və öhdəliklər mühüm rol oynasa da, prosesin davamlı irəliləməsi üçün ictimai diqqətin artırılması və koordinasiyalı fəaliyyət vacibdir".
Metbuat.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov bildirib. Onun sözlərinə görə, beynəlxalq hüquqda qayıdış istiqamətində bir sıra dəstəkləyici siyasi öhdəliklər və sənədlər mövcuddur. Bununla belə, ictimai diqqətin cəlb olunması istiqamətində daha geniş və sistemli işlərin görülməsi zəruridir.
Qalib Qasımov qeyd edib ki, icma son üç il ərzində bu mövzu ilə bağlı 330-a yaxın bəyanat səsləndirib. Onun sözlərinə görə, icma tərəfindən hazırlanmış bir sıra sənədlər Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərində yayımlanıb və onlardan 11-i qəbul edilib. Bu sənədlərin hər biri Qərbi Azərbaycana qayıdışla bağlı proseslərin beynəlxalq müstəvidə irəliləməsinə xidmət edir.
Aparat rəhbəri vurğulayıb ki, səsləndirilən qətnamələr, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının İstanbul Konfransında qəbul edilən qərarlar beynəlxalq ictimaiyyətin bu məsələyə artan diqqətinin göstəricisidir. O bildirib ki, həmin konfransda 40-dan çox ölkənin nazirlərinin iştirak etməsi və qərarların yekdilliklə qəbul olunması mövzunun qlobal gündəmdə daha geniş yer tutduğunu təsdiqləyir.
Qalib Qasımov əlavə edib ki, müasir dövrdə müharibələr daha çox hibrid və asimmetrik xarakter daşıyır və əsas mübarizə informasiya məkanında aparılır. Bu baxımdan cəmiyyətin bütün təbəqələrinin prosesə cəlb olunmasının vacibliyini vurğulayan aparat rəhbəri qeyd edib ki, qlobal informasiya resurslarında milli həqiqətlərin çatdırılması üçün informasiya mübarizəsində daim bir addım öndə olmaq zəruridir.