"Hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxslərdən biri də Şəmkir Rayon Mərkəzi Xəstəxanasıdır. TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə cəlb olunan mütəxəssislərin 8%-i xaricdən dəvət edilib ki, bu da xüsusilə ixtisas çatışmazlığının olduğu sahələrdə xidmət keyfiyyətini təmin etməyə imkan verir".
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Şəmkir Rayon Mərkəzi Xəstəxanasında jurnalistlərə açıqlamasında deyib:
"Bir sıra ixtisaslar üzrə həkim çatışmazlığı mövcuddur. Biz TƏBİB olaraq bu çatışmazlığı aidiyyəti qurumlarla birgə aradan qaldırmağa çalışırıq. Bununla yanaşı, tibbi xidmətlərin əlçatanlığının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün müxtəlif təşəbbüslər həyata keçiririk".
O əlavə edib ki, hazırda tibbi xidmətlərin 55%-i Bakı şəhəri, Sumqayıt və Abşeron ərazisində, 45%-i isə regionlarda həyata keçirilir. Regionlarda xidmətlərin balanslı şəkildə inkişaf etdirilməsi məqsədilə TƏBİB “Mentor Klinika” layihəsini icra edir. Layihə çərçivəsində regionlarda yerləşən tibb müəssisələrinə səyyar turlar təşkil olunur və səhiyyə mütəxəssisləri təcrübə mübadiləsi aparırlar. Bu təşəbbüs həm yerli həkimlərin bilik və bacarıqlarının artırılmasına, həm də xəstələr üçün yüksək keyfiyyətli tibbi xidmətlərin təmin edilməsinə yönəlib.
Zamirə Ədilova qeyd edib ki, layihənin pilot mərhələsi bir il davam edəcək:
"Biz nəticələri qiymətləndirdikdən sonra digər bölgələrdə də tətbiqini genişləndirəcəyik. Həmin nəticələrin rentabelliyi müəyyən ediləcək. Məqsədimiz regionlarda tibbi xidmətlərin dayanıqlı inkişafını təmin etməkdir".