Cəbrayıl rayonunun Hacı Qaraman ziyarətgahında yeni bulaq istifadəyə verilib. Bulaq yerli sakinlərin şəxsi vəsaiti, könüllü əməkdaşlıq və ehsan niyyəti ilə çəkilib. Ziyarətə gələnlər, qurban kəsənlər və qəbir ziyarət edənlər təmiz və fasiləsiz su ilə təmin olunublar.
Cəbrayıl sakini Cavid Soltanov Metbuat.az-a açıqlamasında bildirib ki, bulaq Şahvəlli kənd sakini Həsənov Həsən Təbriz oğlunun təşəbbüsü ilə inşa olunub. Layihənin həyata keçirilməsində digər kənd sakinləri də fəal iştirak ediblər. Onların könüllü əməyi nəticəsində bulaq yenidən istifadəyə yararlı vəziyyətə gətirilib.

Cavid Soltanov qeyd edib ki, sözügedən bulaq ilk dəfə 1990-cı illərdə Yəhya Çələbi tərəfindən çəkilmişdi. Lakin işğal illərində istifadəsiz qaldığı üçün yararsız hala düşmüşdü. Torpaqlar azad edildikdən sonra ziyarətə gələn insanlar suyu uzaq məsafədən daşımalı olurdular ki, bu da müəyyən çətinliklər yaradırdı:
“Ziyarətgahın ərazisində suyun olması həm gigiyenik baxımdan, həm də ziyarətçilərin rahatlığı üçün vacib idi. Bu işi ehsan niyyəti ilə etdik. İndi isə bulaqdan evimizə şəfa ümidi ilə su aparırıq”.
Onun sözlərinə görə, Hacı Qaraman ziyarətgahı imam nəslindən olduğu üçün yerli sakinlər tərəfindən hər zaman xüsusi hörmətlə yad edilir. Ocağın və ətraf mühitin abadlaşdırılmasına insanlar könüllü şəkildə dəstək verir, şəxsi vəsaitləri ilə xeyriyyə işlərinə qatılırlar:
“Bu bulaq xüsusi bir xatirədən daha çox xeyirxah bir təşəbbüsdür. Ziyarətə və qəbir üstünə gələnlər üçün rahatlıq yaradır. Məqsədimiz sadəcə yaxşılıq etmək idi. Sudur, təmizlikdir, dua almaqdır. Bu bizə bəs edir”.
Cavid Soltanov əlavə edib ki, bu bulaq həm kənd sakinləri, həm də bu ərazidə yaxınlarının məzarları olan insanlar üçün çox faydalı olacaq. Ziyarət zamanı su problemi yaşanmayacaq.
“Təmizlik imandandır, bu bulaq gələcək nəsillərə də örnək olacaq”, – deyə o fikrini yekunlaşdırıb.