"ABŞ-nin İraqdakı səfirliyin təxliyəsi İranın yarada biləcəyi mümkün təhlükə ilə bağlıdır. ABŞ ilə İraq arasında hər hansı bir gərginlik yoxdur".

Bunu politoloq Abutalıb Səmədov Metbuat.az-a açıqlamasında ABŞ hökumətinin İraqdakı səfirliyini təxliyə etməyə hazırlaşması ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda İranla məsələ nizama salındıqdan sonra ABŞ diplomatik heyəti yenidən geri qayıda bilər.

Politoloq həmçinin ABŞ ilə İran arasında nüvə proqramı ilə bağlı danışıqlara da toxunub:

"Artıq bu danışıqların beş raundu baş tutub, lakin hələlik heç bir nəticə əldə olunmayıb. ABŞ tələb edir ki, İran atom elektrik stansiyalarında istifadə edəcəyi uranı ya Moskvadan, ya da bölgədə yaradılmış hansısa müəssisədən alsın. Çünki elektrik stansiyalarında istifadə olunan uran yalnız 3.7% səviyyəsində zənginləşdirilir. İran isə bildirir ki, nüvə silahı yaratmaq niyyəti yoxdur, lakin buna baxmayaraq, uranı 60%-ə qədər zənginləşdirib. Bu isə ciddi suallar doğurur: əgər nüvə silahı istəmirsənsə, uranı niyə bu qədər zənginləşdirirsən və niyə zənginləşdirmədən imtina etmək istəmirsən? İrana lazım olan texniki uran xaricdə, məsələn, Moskva və ya ərəb ölkələri ilə yaradılmış birgə müəssisələrdə zənginləşdirilib, sonradan İrana gətirilə bilər. Bu zaman nəzarət imkanı da yaranar. İranın indiki mövqeyi isə nə ABŞ-ni, nə də İsraili qane edir”.

A.Səmədov yaxın gələcəkdə İrana raket zərbələrinin endirilməsi, nüvə obyektlərinin sıradan çıxarılması ehtimalını istisna etməyib:

“Bu isə, təbii ki, İran tərəfindən cavabsız qalmaya bilər. İran dəfələrlə bəyan edib ki, belə addımlara sərt cavab veriləcək. Məhz bu təhlükəni nəzərə alan ABŞ İranın yaxınlığında yerləşən ölkələrdəki səfirliklərini və hərbi personalını ehtiyat tədbiri olaraq təxliyə etməyə başlayıb”,

Sevinc İbrahimzadə / Metbuat.az