Tanınmış jurnalist Səbuhi Məmmədli Ukraynada növbəti dəfə əməliyyat olunub.

Bu barədə Metbuat.az-a Səbuhi Məmmədli özü məlumat verib. O qeyd edib ki, bir saat əvvəl ürəyinə üçüncü stent qoyulub: “Hazırda özümü normal hiss edirəm. Əgər bir problem olmasa, gələn həftə vətənə dönəcəm”.

Jurnalist həmçinin qeyd edib ki, şəkər xəstəliyindən və qaraciyərindən əziyyət çəkdiyi üçün bu əməliyyat çətin keçib. Əməliyyatı Poltava Vilayət Klinik Xəstəxanın şöbə müdiri Ruslan Petroviç Sakeviçin rəhbərliyi ilə həkim briqadasının həyata keçirdiyini və vəziyyətinin qənaətbəxş olduğunu bilirib.

Qeyd edək ki, Səbuhi Məmmədlinin Ukraynada əməliyyata getməsi üçün sosial şəbəklərdə yardım kampaniyası başladılmışdı. Bir müddət öncə isə tanınmış jurnalist Metbuat.az-ın canlı yayımının qonağı olub, xəstəliyi və əməliyyatı barədə ətraflı məlumat verib. Kampaniyanın gedişində Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov ölkə başçısı cənab İlham Əliyevə jurnalistin müalicəsinə kömək göstərilməsi üçün xahiş edib. Prezident İlham Əliyev Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.

Xatırladaq ki, ötən ay jurnalist Ukraynada müalicə olunduğu sanatoriyada infarkt keçirib və Poltava şəhərində xəstəxanaların birində əməliyyat olunub, onun ürək damarlarından birinə stent qoyulub. Səbuhi Məmmədli oktyabrın 16-ı yenidən Ukraynaya yola düşüb. Oktyabrın 19-a ikinci, bu gün isə üçüncü əməliyyatı keçirib.

Günay Elşadqızı / METBUAT.AZ