Bu gün səhər saatlarında Azərbaycanın iki ayrı bölgəsində Şamaxı və Ağsuda zəlzələ qeydə alınıb.

Zəlzələ Şamaxı ərazisində yerli vaxtla saat 04:27-də, 3,3 bal gücündə baş verib. Ağsuda isə yerli vaxtla saat 08:27-də 3,4 bal gücündə təkanlar hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Metbuat.az-a açıqlamasında bildirib ki, baş verən zəlzələlərin heç bir qorxusu yoxdur:

“Azərbaycanda zəlzələ demək olar ki, hər gün baş verir. Sadəcə maqnitudası 3-dən artıq olan zəlzələlər barəsində məlumat verilir. Bu məlumat Avropanın sesmoloji mərkəzlərinə də ötürülür. Baza məlumat onlara göndərilir.

Şamaxıda və Ağsuda baş verən zəlzələrinin heç bir qorxusu yoxdur. Çünki zəlzələlər güclü deyildi. Şamaxıda demək olar ki, hər gün zəlzəlzə qeydə alınır. Çünki Azərbaycanın ən fəal seysmoaktiv bölgəsi Şamaxıdır. Bundan başqa, seysmoaktiv ərazilərə İsmayıllı, Ağsu, Pirqulu əraziləri, ümumilikdə Böyük Qafqazın cənubi şərq yamaclarını aid etmək olar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Lənkəranın ləvəngisi, Astaranın çayı, Lerikin təmiz balı... - Cənub turizminin ÜSTÜNLÜKLƏRİ