İraq xarici işlər naziri İbrahim Əl Cəfəri suriyalı həmkarı Vəlid əl-Moallem ilə iki ölkə arasında sərhəd keçidlərinin açılması məsələsini müzakirə edib.

Metbuat.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, Əsəd rejiminə bağlı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, paytaxt Dəməşqdə İraq Xarici işlər naziri İbrahim Əl Cəfəri və Vəlid əl-Muallim arasında keçirilən görüş zamanı sərhəd qapılarının açılmasının zəruriliyi vurğulanıb.

Nazirlər, sərhəd qapılarının açılmasının malların və insanların keçməsinə müsbət təsir edəcəyini və iki ölkənin mövcud problemlərə qarşı müqaviməti daha da artıracağını bildiriblər.

Açıqlamada iki ölkə arasında illərlə bağlı qalan qapıların nə zaman açılacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, İraq və Suriya arasında 600 kilometrlik sərhəd zolağında Rabia, Əl-Qaim və Əl-Vəlid sərhəd qapıları var.

Günay Elşadqızı / METBUAT.AZ