"Dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə Azərbaycan parlamentinin 100 illik yubileyi ilə əlaqədar xüsusi iclasın keçirilməsinin böyük siyasi əhəmiyyəti vardır".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Milli.Az-a açıqlamasında bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşımızın formalaşmasında müstəsna əhəmiyyət kəsb edir: "AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan verib. Ümumiyyətlə, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. Bu gün isə Azərbaycan Respublikası AXC-nin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini uğurla həyata keçirir və sürətlə inkişaf edir. Müasir Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunub, dünya birliyinə inteqrasiya yolunu uğurla keçib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan çox sürətlə inkişaf edərək iqtisadi inkişaf sürətinə görə dünyada lider dövlətlərdən birinə çevrilib.
AXC-nin Azərbaycanın dövlətçilk tarixindəki rolu isə daim xatırlanır. Prezidentin 2017-ci ilin 16 may tarixində AXC-nin 100 illik yubileyi haqqında imzaladığı Sərəncam buna bariz nümunədir. 2018-ci ilin "Cümhuriyyət ili" elan olunması, Milli Ordunun yaranmasının, eləcə də Bakının daşnak-bolşevik işğalından azad olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi paradlar, Mili Məclisin 21 sentyabr 2018-ci il tarixdə keçirdiyi təntənəli xüsusi iclas bir daha deməyə əsas verir ki, Azərbaycan Respublikası AXC-nin layiqli, sədaqətli varisidir.
Bu təntənəli xüsusi iclasın keçirilməsi, iclasda parlament sədrlərinin, parlament sədrləri müavinlərinin rəhbərliyi ilə xarici ölkələrdən çoxsaylı nümayəndə heyyətlərinin, bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı böyük siyasi əhəmiyyət daşıyır və Azərbaycanın yüksək beynəlxalq nüfuzundan xəbər verir".