Bu gün axşam saatlarından paytaxtın bəzi küçə və prospektlərində rənglənmə işləri aparılacaq.
Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, Bakı şəhəri, Parlament prospekti, Mehdi Hüseyn küçəsindən Teymur Elçin küçəsinə kimi və Neftçilər prospekti, Azneft dairəsindən Dalğa arenasına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. İşlər axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.