2018-ci ilin avqust ayının 30-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyəti yoxlanılıb.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində
sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə
verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş
tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət
sərhədindən keçən şəxslərlə söhbətlər edilib, şəxslərin və
nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf
edilməsi imkanları müzakirə olunub.
Bu məqsədlə general-polkovnik Elçin Quliyev və gömrük xidməti
general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə keçirilmiş
xidməti müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi,
biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf
etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan
vətəndaşlarının mənafelərinin qorunması ilə bağlı tapşırıq və
göstərişlərinin icrası üzrə hər iki qurumun üzərinə düşən
vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

2018-ci ilin 10 may tarixindən etibarən sutkalıq fasiləsiz rejimdə
fəaliyyət göstərən “Astara” dövlət sərhədindən buraxılış
məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət
Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin
tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin
məruzələri dinlənilib.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli
dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı
tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə
məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət
sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində
sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli
təşkilinə dair konkret tapşırıqlar verilib.







