Bakı, 22 aprel, AZƏRTAC 
Aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə “Azərtoxum” MMC-də yanğına qarşı təbliğat günü keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilib, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilib. Həmçinin təsərrüfat rəhbərlərinin təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlılığı yoxlanılıb, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilib.
Sonda mövzuya dair videoslayd nümayiş etdirilib. Tədbir iştirakçılarına yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən üç adda plakat və “Dənli və texniki bitkiləri yığımı dövründə yanğın təhlükəsizliyi tədbirləri” yaddaş kitabçası paylanıb.