Aprelin 22-də Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Almaniyadakı Azərbaycanlı Həkimlər Cəmiyyəti (VANT) tərəfindən təşkil olunan tədbirdə almaniyalı elmi tədqiqatçı, bioloq Tasilov Ford iştirak edib. Qonaq ATU-nun ötənilki məzunları olan Uğur Ağamalıyev və Valeh Rüstəmovla birgə Almaniyada mədəaltı vəzi xərçənginə aid elmi-tədqiqat işi üzərində çalışır.
U.Ağamalıyev bildirib ki, ATU məzunlarının Almaniyada altı nəfərdən ibarət elmi tədqiqat qrupu fəaliyyət göstərir. Onlardan biri kimyaçı, digərləri isə həkimdirlər. Elmi-tədqiqat işlərimizin əsas maliyyə dəstəyi dövlət tərəfindəndir. Bu işin təşkilatçısı Almaniyadakı Azərbaycanlı Həkimlər Cəmiyyətidir. Hazırda altı elmi tədqiqatçımız var. Bu il daha üç elmi tədqiqatçının bizə qoşulacağı gözlənilir. Gələcəkdə bu işi daha da genişləndirməyi düşünürük. İstər Azərbaycan Tibb Universitetindən olsun, istərsə də digər xəstəxanalardan belə bir elmi korporasiya yaratmağı planlaşdırırıq. Elmi tədqiqatlar əsasən xərçəng xəstəliyi istiqamətində aparılır.