Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. ANS PRESS-in məlumatına görə, baş tutacaq 2 oyunda son iki yarımfinalçı müəyyənləşəcək.

Gecənin və mərhələnin ən vacib oyunu Madridə baş tutacaq. Şəhərin iki komandası - "Real" və "Atletiko" matçını alman FIFA referisi Feliks Brix idarə edəcək. Komandalar arasındakı ilk oyun 0:0 hesabı ilə başa çatıb. Bu səbəbdən "Real" mərhələ keçmək üçün əzəli rəqibini mütləq yenməlidi. "Atletiko" isə qollu heç-heçə sayəsində də yarımfinala çıхa bilər. Komandalar ötən mövsüm turnirin finalında qarşılaşıb. Həmin matçda "Real" 4:1 hesablı (əlavə vaхtda) qazanaraq kuboka sahib çıхmışdı. "Atletiko" bu mövsüm artıq "Real"ı 3 dəfə yenib. Belə ki, İspaniya Superkubokunda rəqibini 1:0 hesabı ilə udan Dieqo Simeonenin yetirmələri La Liqadakı hər iki oyunda da gülən tərəf olub - 2:1, 4:0.

Gecənin digər oyununda "Monako" "Yuventus"u qəbul edəcək. Fransa və İtaliya klubları arasında baş tutacaq matçı şotland FIFA referisi Vilyam Kollum idarə edəcək. Komandalar arasındakı ilk oyunda italyanlar 1:0 hesablı qələbə qazanıb. Bu səbəbdən Turin klubunu səfərdə istənilən hesablı qələbə və heç-heçə, həmçinin qol vurmaq şərti ilə minimal hesablı yenilgi də sərf edir. "Monako" isə ən azı iki cavabsız qolla qalib gəlməlidi.

Qeyd edək ki, ötən gecə "Barselona" (İspaniya) PSJ-ni (Fransa), "Bavariya" (Almaniya) isə "Portu"nu (Portuqaliya) mübarizədən kənarlaşdıraraq yarımfinala çıxıb.

Çempionlar Liqası
2014/15 mövsümü
1/4 final (cavab oyunları)

22 aprel
23.45 Real (İspaniya) - Atletiko (İspaniya)
Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp, Marko Akmüller (Almaniya).
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Fritz (Almaniya).
"Santiaqo Bernabeu" stadionu.

23.45 Monako (Fransa) - Yuventus (İtaliya)
Hakimlər: Vilyam Kollum, Damyen Makqrayt, Qraham Çambers, Alastair Mater (Şotlandiya).
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Kevin Klansi (Şotlandiya).
Monako. "Stade Louis II".
Mənbə
ANS PRESS