2 milyon nəfərin ölümünə səbəb olmağına baxmayaraq, təhlükəsizliyə təminat yolu kimi yalnız silah seçilir
Üç yaşlı uşağın təsadüfən bir yaşında körpəni güllələməsindən sonra Birləşmiş Ştatlarda vətəndaşların silah almaq hüququnun məhdudlaşdırılmasının zəruriliyi ilə bağlı mübahisələr yenidən qızışıb. Hər kəsi narahat edən məsələ - şəxsi təhlükəsizlik artıq amerikalıların başlıca problemlərindən birinə çevrilir. Maraqlıdır ki, bu təşəbbüsün əleyhdarları ilə yanaşı, müdafiəçiləri də var və onların hər ikisi statistikaya üz tuturlar. Birincilər onun köməyi ilə sübut etməyə çalışırlar ki, odlu silahın sərbəst satışı cinayətkarlığın səviyyəsinin artmasına rəvac verir. İkincilər isə əksinə, “silahın əldə edilməsi onun sahibinin həyatını daha təhlükəsiz edir” fikrində qətidirlər. Bu məsələ həm demokratlar, həm də respublikaçıların proqramlarında bütün sərtliyi ilə əks olunur.

Əhali təhlükəsizliyinə təminat görmür

Yuxarıda qeyd etdiyimiz kimi, aprel ayının ortalarında Ohayo ştatının Klivlend şəhərində körpə uşaqlarla bağlı yaşanan faciə amerikalıları şoka saldı. Ana özünün bir yaşlı oğlu Breylonu qan içində tapdı. Onun qatili isə qonşunun uşağı olub. O, stol üstündə nəzarətsiz qalan silahla körpəyə atəş açıb. ABŞ kütləvi informasiya vasitələri bu faciədən sonra genişmiqyaslı kampaniyaya başlayıblar. Axı əhali bu qədər silah almaqda niyə maraqlı olmalıdır? Sadəcə, belə çıxır ki, əhali təhlükəsizliyinə təminat görmür. Buna bənzər bir neçə hadisə də baş verib. 2014-cü il Aydaho ştatında ikiyaşlı oğlan öz anasını vurub öldürmüşdü. Mağazada anasının çantasına girən uşaq təsadüfən tapançanın tətiyini çəkmişdi. Buna qədər isə Tennesidə dörd yaşlı uşaq öz xalasını vurub öldürmüşdü. Silah satışının müdafiəçiləri baş verənlərin faciəvi olduğu qənaətində olsalar da, hesab edirlər ki, silah alınmasını sərtləşdirən qanunlar qəbul etmək olmaz.

Odlu silahdan ölənlərin sayı 2 milyona çatıb

Yeri gəlmişkən, vətəndaşların silah almaq hüququ ABŞ Konstitusiyasında öz əksini tapıb. Silahlanmaya qarşı demokratlar və “Antisilah lobbisi”nin nümayəndələri çıxış edir. Şəxsi silaha nəzarət – “Hand Gun Control, HGC” adlı qurum da fəaliyyət göstərir. Onların fəalları xüsusi hesabatlar hazırlayırlar. Məsələn, bəlli olub ki, 1968-2013-cü illər ərzində odlu silahdan açılan atəş nəticəsində ölənlərin sayı 2 milyona çatıb. Beləliklə, il ərzində orta hesabla 32 min insan güllə yarasından həlak olur. Silah gəzdirməyin əleyhdarları əminliklə söyləyirlər ki, son illər ərzində məişət zəminində törədilən cinayətlərin, eləcə də odlu silah tətbiqi ilə baş verən özünəqəsd hallarının sayı kəskin şəkildə artıb. Bu rəqəm 67 faizdir. Baş verən cinayətlərin statistikası dəhşət doğurur - Fort-Hud və Texas hərbi bazasında kütləvi qətllər, Kolorado ştatının Avrora şəhərində kinoteatrda tamaşaçıların kütləvi güllələnməsi, Nyutaun şəhərində 20 məktəbli və altı müəllimin ölümü ilə nəticələnən gülləbaran və s. bu kimi faktlar onlarladır. Sonuncu məktəb faciəsindən sonra ABŞ təhsil müəssisələrində odlu silahın tətbiqi ilə nəticələnən 95 insident baş verib.

Amerikalıların əlində 300 milyondan artıq odlu silah var

Özü də silahdan istifadəçilər məsələsi bir çox amerikalı siyasətçilərin seçkiqabağı proqramlarının əsas bəndlərindən biridir. Məsələn, Kaliforniyadan olan senator-demokrat Diana Feynstayn federal səviyyədə odlu silahın satışının qadağan edilməsini təklif edib. Senatda onun təşəbbüsünü qiymətləndirmədilər və qanun layihəsi də sonda keçmədi. Məşhur milyarder, Nyu-Yorkun sabiq meri Maykl Blumberq də narazılar sırasındadır. M. Blumberq silah sahibi olan şəxslərin psixoloji durumunun mütləq qaydada hər beş ildən bir araşdırılmasını təklif edib. O, silah istifadəsinə yol verən ailələrdə silahın alınmasını irəli sürüb. Respublikaçılar isə əksinə, hesab edirlər ki, qətllər və silahla hücumlar daha çox o ştatlarda baş verir ki, orada silah satışına qadağalar qüvvədədir. Florida Universitetindən olan kriminalist Geri Kleek hesablayıb ki, bu gün amerikalıların əlində 300 milyondan artıq odlu silah var. Hər il 2,5 milyon amerikalı özünümüdafiə məqsədilə odlu silahdan istifadə edir. Məsələ ondadır ki, silah satışı həm də milyonlarla dollar gəlir deməkdir. Tapança istehsalı ilə məşğul olan sahibkarların bundan il ərzində 11 milyard dollar gəlir götürdükləri bildirilir. On minlərlə amerikalı bu sahədə işləyir. Silah istehsalı firmalarının sayı ötən il 465 olub, onların pərakəndə satışı ilə isə 50 min firma məşğuldur. Silah satışında ən liberal ştatlar Alyaska, Arizona, Arkanzas, Vermont, Vayominq, Kanzas, Qərbi Virciniyadır. Onların sakinlərinə silah almaq üçün heç lisenziya da tələb olunmur. Bu sahədə ən sərt qaydalar Massaçusets və Havay ştatlarıdır. Həmin ştatlarda silah almağa görə qaydalar çox ağırdır. Bunun üçün insanın psixi durumunu əks etdirən tibbi kağız gərəkdir. Təqribən 40 ştatda bu tələb olunmur. Bundan sonra yaşı 21 olan amerikalılar ev ünvanı və iş yerini göstərən anket doldurmalıdırlar. Silah alan şəxsin əl izləri götürülür və onun adının cinayətkarlar siyahısında olub-olmadığı aydınlaşdırılır. Silah gəzdirmək üçün məbləğ ödədikdən sonra o, lisenziya alır. Artıq bir sıra ştatlar Kolorado və Missisipinin bu təcrübəsindən yararlanmaq istəyir. Onlar universitet yataqxanalarında silah gəzdirilməsinə də qadağanın götürülməsinə çalışırlar. Bir çoxları isə Miçiqanda olduğu kimi kilsə, stadion və xəstəxanalara silahla gəlməyi nəzərdə tutan qanunun qəbulunu istəyirlər. Arkanzasda isə hakimlərə proses zamanı silah gəzdirməyə icazə verilməsi məsələsi nəzərdən keçirilir. Virciniya, Luiziana və Men ştatlarında insanlar hətta tapança ilə parklarda gəzə də bilirlər.

Aciz Obama

Maraqlıdır ki, ABŞ prezidenti Barak Obama son illər silah satışına qoyulan qadağanın gücləndirilməsi təşəbbüsü ilə çıxış edib. Onu buna vadar edən isə özünün də etiraf etdiyi kimi Sendi Huk məktəbində məktəblilərin gülləbaran edilməsi olub. Lakin onun təklifi ilə hökumət müvafiq qanun hazırlasa da, ona bu təklifini reallaşdırmağa imkan vermədilər. Görünür, silah lobbisi və onların ABŞ Konqresindəki dəstəkçiləri ondan daha güclü çıxdılar. Maraqlıdır ki, Obama yalnız: “Bizlər buna görə utanc keçirməliyik” sözlərini deməklə kifayətlənməli oldu.

Kaspi.az