Bakı, 22 aprel, AZƏRTAC 
Əlcəzairin “Sonatrach” neft-qaz şirkəti Azərbaycanın enerji sektorunun avanqardı olan SOCAR-la əməkdaşlıqda maraqlıdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunu aprelin 22-də Əlcəzair Energetika Nazirliyinin baş katibi, bu ölkənin OPEC-dəki nümayəndəsi Əhməd Messili SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə keçirdiyi görüşdə deyib.
R.Abdullayev səfərin iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini bildirib. SOCAR-ın prezidenti Azərbaycanın dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini, neft hasilatı, emalı və nəqli sahəsində bir sıra yeniliklərin ilk dəfə məhz ölkəmizdə tətbiq olunduğunu qonaqların diqqətinə çatdırıb, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni enerji strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal layihələr, o cümlədən “Cənub” qaz dəhlizi və digər qaz layihələri haqqında onlara ətraflı məlumat verib, bu layihələrdə əsas rol oynayan Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətlərindən danışıb. Qısa müddətdə şaxələndirilmiş ixrac neft-qaz kəmərləri sisteminin yaradıldığını və bu sistemin böyük imkanlara malik olduğunu vurğulayan R.Abdullayev Azərbaycanın bütün neft-qaz ölkələri ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.
Əlcəzair nümayəndə heyətinin başçısı Əhməd Messili ölkəsində “Sonatrach” neft-qaz şirkətinin də SOCAR kimi dövlət şirkəti olduğunu söyləyib və bildirib ki, Bakıya səfərlərində məqsəd iki ölkənin dövlət neft şirkətləri arasında münasibətlərin yaradılması və dərinləşdirilməsindən ibarətdir. O, Əlcəzairin 50 ilə yaxındır Avropa bazarlarına enerji daşıyıcıları ixrac etdiyini bildirib, ölkənin neft-qaz sektoru, “Sonatrach” şirkətinin fəaliyyəti haqqında məlumat verib. Azərbaycanın enerji sektorunun avanqardı olan SOCAR-ın artıq bütün dünyada uğurla fəaliyyət göstərən və sürətlə inkişaf edən bir şirkət, etibarlı tərəfdaş kimi tanındığını deyən qonaq əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
SOCAR-ın prezidenti qeyd edib ki, Azərbaycan xarici şirkətlərin investisiyalarının qorunmasına tam təminat verir. R.Abdullayev SOCAR-ın əməkdaşlığa açıq şirkət olduğunu, xarici şirkətlərlə əməkdaşlıq sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb. Bildirib ki, Əlcəzair şirkətləri ilə əməkdaşlıq üçün geniş perspektivlər var. O, qarşılıqlı imkanların öyrənilməli və təhlil edilməli, əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməli olduğunu qeyd edib.