Sumqayıt, 22 aprel, AZƏRTAC
Aprelin 22-də “Azərikimya” İstehsalat Birliyinin (İB) akt zalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xətti ilə “Azərbaycan multikulturalizmi” mövzusunda səyyar seminar-mühazirə keçirilib.
“Azərikimya” İB-nin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, tədbirdə kimyaçılarla bərabər, YAP Sumqayıt şəhər təşkilatının Gənclər şurasının üzvləri, şəhər bələdiyyəsinin nümayəndələri və Sumqayıt Dövlət Universitetinin tələbələri də iştirak ediblər.
Seminar-mühazirədə diqqətə çatdırılıb ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malikdir. Mövcud milli-mədəni müxtəliflik, etnik-dini dözümlülük mühiti respublikamızı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Bu baxımdan Azərbaycanda bu gün mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönələn və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasına, zənginləşdirilməsinə, cəmiyyətdə bu istiqamətdə qazanılmış nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsinə zəmin yaradıb.
Çıxışlarda vurğulanıb ki, Təhsil Nazirliyi tərəfindən təsdiq olunan “Azərbaycan multikulturalizmi” proqramına uyğun olaraq Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Azərbaycanın müxtəlif regionlarında il boyu “Azərbaycan multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində təqdimat və seminarlar keçiriləcək.
Sonda dinləyicilərin sualları cavablandırılıb.