[ 22 Aprel 2015 14:17 ]
Bakı. Mәlahәt Nәcәfova-APA. Azərbaycan Strateji Araşdırmalar Mərkəzində Oleq Kuznetsovun "XX yüzillikdә transmilli ermәni terrorunun tarixi" adlı kitabının tәqdimatı keçirilib.
APA-nın məlumatına görə, mərkəzin direktoru Fərhad Məmmədov tədbirdə ermәni tәbliğatına qarşı bir neçә ölkәdә bu kimi layihәlәrin hәyata keçirildiyini bildirib. Onun sözlərinə görə, təqdimatı keçirilən kitabın bu ilin sonu və ya gələn ilin əvvəlində türk və ingilis dillərində tərcümə edilməsi planlaşdırılır.
Kitabın müəllifi O. Kuznetsov isə bildirib ki, kitabında erməni cinayətlərini məhz hüquqi cəhətdən araşdırıb.
Tədbirdə çıxış edən Milli Məclisin vitse-prezidenti Ziyafət Əsgərov ermənilərin "Dәnizdәn dәnizә böyük Ermәnistan" planını xatırladıb. Onun sözlərinə görə, Qarabağ məsələsində heç bir milli-dini münaqişәdәn söhbət gedә bilmәz, burada emənilərin əsas məqsədi әrazi işğalı olub: “Bu məsələdə SSRİ-nin böyük rolu var. Bu gün Rusiya SSRİ-nin hüquqi varisidir. Bu məsələdə Rusiyanın üzәrinә mәsuliyyәt düşür. Dağlıq Qarabağ münaqişәsi vaxtında hәll olunsaydı, regiondakı bugünkü münaqişәlәr baş vermәzdi”.
Baş prokurorun birinci müavini Rüstәm Usubov çıxışında bildirib ki, beynәlxalq terrorçuluqdan әn çox әziyyәt çәkәn ölkәlәrdәn biri kimi Azәrbaycan Beynәlxalq terrorçuluğa qarşı koalisiyaya qoşulub vә töhfәlәrini verib. Onun sözlərinə görə, azәrbaycanlılar dәfәlәrlә ermәni terroru ilә üz-üzә qalıb.