Dünya

Su üzərində məscid tikdilər -

Əsl mühəndislik möcüzəsi

Metbuat.az

Mərakeşin Kasablanka şəhərində Atlantik okeanının sahilində yerləşən II Həsən Məscidi möhtəşəm memarlığı və mühəndislik həlləri ilə diqqət çəkir.

Metbuat.az xəbər verir ki, məscidin bir hissəsi birbaşa okeanın üzərində inşa edilib və konstruksiya nəhəng beton təməllər, qaya blokları və xüsusi qoruyucu sistemlərlə dalğaların təsirindən mühafizə olunur. Məlumata görə, sualtı qayalıq üzərindəki təməllərin inşasında 26 min kubmetr beton istifadə edilib.

Bildirilir ki, dalğa enerjisini azaltmaq və sahil eroziyasının qarşısını almaq məqsədilə platformanın ətrafına 59 min kubmetr qaya bloku yerləşdirilib. Duzlu su və xloridlərin yaratdığı korroziyaya qarşı isə su keçirməyən təbəqələr, paslanmayan polad armatur və yüksək möhkəmliyə malik xüsusi beton tətbiq olunub. Məscidin 200 metr hündürlüyündəki minarəsinin inşasına 9 min kubmetr beton və 1000 tondan çox armatur sərf edilib. Namaz zalının üzərində yerləşən 1100 ton ağırlığındakı hərəkətli dam 3400 kvadratmetr sahəni əhatə edir və təxminən beş dəqiqə ərzində tam açılır.

25 min nəfərin ibadət edə bildiyi əsas zalın yükdaşıyan sistemi dəmir-beton sütunlardan ibarətdir.