Dünya

Pulu evdə bu yerlərdə gizlətməyin

Metbuat.az

Böhran ehtimalları səbəbindən evdə nağd pul saxlayanların sayı artarkən, mütəxəssislər oğruların ən çox yoxladığı yerlərlə bağlı xəbərdarlıq ediblər.

Metbuat.az xəbər verir ki, Almaniyada aparılan araşdırmalara əsasən, insanların bir qismi mümkün bank və elektron ödəniş problemlərinə görə evdə nağd pul saxlamağa üstünlük verir. "Sparkasse"nin məlumatına görə, 2024-cü ildə Almaniyadakı fərdi ev təsərrüfatlarında təxminən 395 milyard avro nağd pul olub.

Almaniya Mərkəzi Bankının araşdırmasında iştirak edənlərin 40 faizinin kənarda nağd pul saxladığı müəyyənləşib. Məlumata görə, evdə və ya başqa yerdə saxlanılan nağd pulun orta məbləği 1417 avro təşkil edib. Sığorta şirkətlərinin xəbərdarlıqlarında oğruların evə daxil olduqda ilk növbədə bəzi klassik gizlətmə yerlərini yoxladığı bildirilir.

Bu yerlərə çarpayının altı, qarderob, mətbəx və mətbəxdə ərzaq saxlanılan yerlər kimi asanlıqla ağla gələn məkanlar daxildir. Mütəxəssislər evdə çoxlu miqdarda nağd pul saxlamağın təhlükəsizlik baxımından riskli olduğunu vurğulayırlar. Onlar pulun asanlıqla tapılan yerlərdə gizlədilməməsini tövsiyə edirlər.